Xəbərlər
Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd edilib

Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibəti ilə Milli Qəhrəmanın heykəlinin önünə gül əklikləri qoyularaq xatirəsi yad edilmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının, Gənclər və İdman Nazirliyinin, Nərimanov rayon Gənclər və İdman İdarəsinin, “Dağ Yahudiləri İcması” İctimai Birliyinin, “Veteran Tankçılar” İctimai Birliyinin nümayəndələrinin, tanınmış mədəniyyət işçilərinin, rayonun fəal gənclərinin, könüllülərinin və həvəskar şahmatçıların iştirakı ilə keçirilən tədbirdə qeyd edildi ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakı şəhərində anadan olmuşdur. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdir.
Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaratmışdır. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadır. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdir. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 2015-ci ildə “The Times of Israel” qəzetində amerikalı ravvin İsrail Barukun “Müsəlman torpağında yəhudi əsgəri” məqaləsi Aqarunova həsr olunmuşdur. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib. 2019-cu ildə Milli Qəhrəmanın 50 illik yubileyi münasibəti ilə rayon ərazisində adını daşıdığı küçədə heykəli qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Təltif 5 may 1998-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən şəhidin bacısı Sofiya Məmmədovaya təqdim olunmuşdur.