YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verdiyini səsləndirdi. Bir daha aydın oldu ki, bu dəhliz bizim üçün mühüm siyasi-iqtisadi əhəmiyyət daşımaqla bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq. Əgər Ermənistan bunu istəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.

Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Zəngəzur dəhlizinin açılması həm də türk dünyasının coğrafi birləşməsidir. Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi.

Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti vardır. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir.

Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əmədaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. O, öz nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Bu qətiyyətli fikir Ermənistanda mövcud olan revanşist və radikal qruplara verilən mesaj olmaqla, həm də onları bu və ya digər platformada dəstəkəyən ayrı-ayrı güc mərkəzlərinə verilən mesaj idi.

Zəngəzur bizim üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də tarixi vətəndir. Belə olduqda bu coğrafiyanın milli və tarixi yaddaşımızda mühüm mənəvi tərəfi də var. Məhz bu tarixi reallıqdan çıxış edərək Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Yəni, Zəngəzur hər nə qədər bizim dünənimizdirsə, bir o qədər də sabahımızdır. Sadəcə, 101 il əvvəl ermənilərə verilib. Nə üçün və necə verildiyi də hamıya bəllidir. Biz 101 il bundan əvvəlki tariximizə qayıdaraq tarixi yaddaşımızı yeniləməli və Zəngəzurun nə üçün ermənilərə verildiyini bütün dünyaya çatdırmalıyıq.