Xəbərlər
Məlahət İbrahimqızı: ABŞ və saxta “soyqırımını” tanıyan digər ölkələr öz tarixlərinə baxsalar yaxşı olar

“ABŞ prezidenti Co Baydenin heç bir gerçək tarixə və hüquqa söykənmədən 1915-ci il olaylarını “erməni soyqırımı” adlandırması qəbuledilməzdir. Saxta bir tarixə bu cür yanaşmanın heç cür hüquqi nəticələri ola bilməz və olmayacaqdır”. Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Co Bayden tərəfindən 1915-ci il olaylarına “erməni soyqırımı” adlandırılması qərəzli və acizlik anlamında olmaqla, ABŞ-ın dövlət siyasətinin müstəqil deyil, erməni lobbisinin təsiri altında olmasına sübutdur. Saxta “erməni soyqırımı” da, demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi ABŞ və digər ermənipərəst ölkələrin başqa ölkələr üçün təzyiq aləti olduğunu sübut etdi. ABŞ və saxta “soyqırımını” tanıyan digər ölkələr öz tarixlərinə baxsalar yaxşı olar.
Millət vəkilinin sözlərinə görə, Prezidentimiz cənab İlham Əliyevin Co Baydenin bu yanaşmasını tarixi səhv adlandırması bəzi ölkələrin riyakar yanaşmasına münasibət olmaqla bərabər, həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ifadəsidir. Türkiyə rəsmilərinin, Prezident hörmətli Ərdoğanın dəfələrlə dünyaya, hətta Ermənistana müraciət edərək, Osmanlı arxivini açmaları və ortaq tarix komisiyası yaradılması təklifini irəli sürməsinə baxmayaraq, heç bir ölkədən cavab olmamışdır. 29 il bundan baş vermiş və ABŞ-ın da bəzi ştatlarının soyqırım kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta olaylara münasibətin bildirilməsi tibb dilində desək retroqrad amneziyadan adlanır. Heç bir qüvvə Azərbaycan-Türkiyə dostuluğunu və qardaşlığını poza bilməz. Bu birliyin gücü keçən il 44 günlük Vətən müharibəsində qazandığımız ZƏFƏRlə dünyaya nümayiş olundu. Biz birlikdə güclüyük. Biz bizə yetərik.