YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İtaliya arasında iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu xüsusda nazir dövlətimizin başçısının ötən ilin fevralında İtaliyaya dövlət səfəri, səfər çərçivəsində əldə edilmiş razılaşmaları, o cümlədən “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasını vurğulayıb.

Ölkələr arasında iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlığın inkişafı perspektivlərindən bəhs olunub. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra əməkdaşlığın daha fəal şəkildə davam etdiriləcəyindən əminlik ifadə olunub.

Nazir İtaliya parlamentarilərinə münaqişədən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən işğal amilinin aradan qaldırılması ilə ölkələrimiz arasında beynəlxalq hüququn prinsiplərinə ciddi hörmət əsasında münasibətlərin normallaşdırılması imkanları barədə məlumat verib. Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrasına təhlükə törədən və narahatlıq doğuran məsələləri də qarşı tərəfin diqqətinə çatdırıb, bu xüsusda, Ermənistanın birgə bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə terrorçu-diversant qüvvələri göndərdiyini, Azərbaycan hərbçilərini və mülki şəxsi qətlə yetirən bu qrupun üzvlərinin zərərsizləşdirildiyini və hazırda onlarla bağlı cinayət işinin aparıldığını, Ermənistanın tərəfinin əsassız şəkildə bu şəxsləri “hərbi əsirlər” kimi qələmə verərək, onlarla bağlı iddialar irəli sürdüyünü qeyd edib. Nazir, həmçinin azad olunmuş ərazilərin Ermənistan tərəfindən minalandığını və Ermənistanın minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycana təqdim etməkdən imtina etdiyini komissiya sədrinin diqqətinə çatdırıb. Bəzi Avropa parlamentarilərinin məsələnin mahiyyətinə varmadan və Azərbaycan tərəfindən təqdim edilən faktlara rəğmən bu mövzuda tamamilə əsassız çağırışlar irəli sürüdüyünü qeyd edən nazir İtaliyanın simasında dost ölkələrin nümayəndələri vasitəsilə beynəlxalq ictimaiyyətin bu məsələdə dürüst şəkildə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

İtaliya Senatının komissiya sədri Vito Petroçelli verilən mühüm məlumatlara görə təşəkkür edib və İtaliya Senatının münaqişə ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxladığını bildirib. Münaqişənin başa çatmasının bütün bölgə üçün böyük uğur olduğunu söyləyən sədr bölgədə inteqrasiya üçün imkanların yarandığını da səsləndirib. O, həmçinin ikitərəfli münasibətlərin hərtərəfli inkişafı perspektivlərini qeyd edib.

Sonda nazir Ceyhun Bayramov italiyalı həmkarı Luici di Maioya səmimi salamlarını çatdırıb.