YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy və Ağdam rayonlarında şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy və Ağdam rayonlarında şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüb. Xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla təşkil olunan görüşlərdə millət vəkili ilə yanaşı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirak ediblər.

Görüşlərdən öncə yerli ictimaiyyət nümayəndələri ilə birgə Goranboy rayonunun Balakürd kəndində və Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərimizin ruhları ehtiramla yad olunub və məzarlarının üzərinə tər gül-çiçək dəstələri qoyulub.

Səmimi şəraitdə keçən görüşlərdə qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsi Azərbaycanın böyük hərbi, siyasi, diplomatik qələbəsi ilə başa çatıb, işğal altında olan torpaqlarımız azad olunub və ölkəmizin ərazi bütövlüyü təmin edilib.

Ölkəmizdə şəhid ailələrinin və mühaibə əlillərinin hər zaman  Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyevanın hərtərəfli qayğısı ilə əhatə olunması və onların sosial müdafiəsinin təmin edilməsi istiqamətlərində dövlətimiz tərəfindən görülən genişmiqyaslı işlər görüşlərdə xüsusi vurğulanıb.

Həmçinin bildirilib ki, bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər  rayonlarının hər zaman dövlətçiliyimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib və onlardan bir qismi hərbi əməliyyatlar zamanı şəhid olub.

Görüşlərdə qeyd olunub ki, Vətən Müharibəsi günlərində Ağalar Vəliyev dəfələrlə millət vəkili kimi təmsilçisi etdiyi 97 saylı Seçki Dairəsinin döyüş bölgəsinə yaxın yaşayış məntəqələrində olub, yerli əhaliyə mənəvi dəstəyini və maddi köməkliyimi əsirgəməyib.

Xalqımızın xeyirxahlıq və humanizm ənənələrinə uyğun olaraq deputat öz  şəxsi təşəbbüsü ilə şəhid olan Goranboy rayonundan 23 hərbçi və 2 mülki vətəndaşın, Ağdam rayonundan 52 hərbçi və 1 mülki vətəndaşın, Tərtər rayonundan 3 hərbçinin dəfn, yas mərasimlərinin və mərmərdən qəbirüstü abidələrinin hazırlanmasının maliyyələşdirilməsini təmin edib.

Eləcə də millət vəkili tərəfindən bu günlərdə Goranboy, Ağdam və Tərtər  rayonlarından 412 şəhid ailəsinə və Qarabağ qazisinə maliyyə yardımı göstərilməsi təşkil olunub.

Görüşlərdə deputat və icra başçıları tərəfindən şəhid ailələrinin və Qarabağ əlillərinin fərdi müraciətləri dinlənilib və onların sosial problemlərinin həllinə həssas münasibət göstərilib.

Görüş iştirakçıları şəhid ailələrinə və Qarabağ əlillərinə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.