Xəbərlər
YAP Səbail rayon təşkilatında “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı videokonfrans keçirildi
YAP Səbail rayon təşkilatında Aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı videokonfrans keçirildi.
Vətən müharibəsinin Səbail rayonundan olan qazilərinin, rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, partiya fəallarının və gənclərin iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Milli Məclis Aparatının “Sosial qanunvericilik” şöbəsinin müdiri, YAP Səbail rayon “2 №-li” ərazi ilk partiya təşkilatının sədri Adil Vəliyev, YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə Abasova, 6 saylı məktəb-liseyin direktoru Gülşən xanım Orucova, 50 saylı məktəbin direktoru Sədaqət Həsənova, YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri Elçin Əhmədov, YAP Səbail rayon “Akademik Filarmoniya” (Azərbaycan Dövlət Akademik Filarmoniyası) ərazi ilk partiya təşkilatının sədri Elçin Abbasov, “Energetik” (Azərbaycan Respublikası Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatının sədri Əsəd İsmayılov, Vətən müharibəsinin qaziləri “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş Əzizli Nicatbəy Əliqismət oğlu, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş Vəliyev Elvin Nəcəf oğlu, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş, həm də Aprel döyüşlərinin iştirakçısı olan Mustafayev İsa Sultanəli oğlu, “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuş Əliyev Balaəmi Etibar oğlu, “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuş Həsənov Fərid Fizuli oğlu, “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuş Şirinov Vasif Nizami oğlu, Səlimov Xəqani Rəfail oğlu və Abdullayev Ələkbər Əlibala oğlu çıxış etdilər. Videokonfransda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri – Respublikanın Əməkdar artistləri Almaz Orucova, Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov və nağarada Emin Cəbrayılovun ifası dinlənildi, sənətkarlar səsləndirdikləri mahnıları Vətən müharibəsində möhtəşəm Qarabağ Zəfərinin əldə olunmasına ön və arxa cəbhədə töhfəsi olan hər kəsə ərmağan etdilər.
Əvvəlcə 2016-cı Aprel döyüşlərində, Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda Şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Azərbaycanın müasir hərb tarixinin ən möhtəşəm səhifələrindən biri olan Aprel döyüşlərinin Vətən mühribəsindəki tarixi qələbəmizin ilk müjdəçisi olduğunu vurğulayan YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Aprel döyüşlərindən öncə regiondakı geosiyasi vəziyyət, işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi və siyasi təxribatlar, Aprel döyüşlərində erməni miflərinin ifşa olunması, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və Şanlı Aprel Qələbəsi, işğlaçının məruz qaldığı ağır canlı və hərbi texnika itkisi, Azərbaycanın “dörd günlük müharibə”də əldə etdiyi nəticələr, işğaldan azad olunan ərazilər və Aprel döyüşlərinin Vətən müharibəsindəki Şanlı Qələbənin ilk bünövrəsi olması haqqında geniş danışdı. Ş.Hacıyev qeyd etdi ki, məhz Aprel döyüşlərində Azərbaycan xalqı əzəli düşməni üzərində uzun illərdən sonra böyük qələbə qazandı, rəşadətli ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini işğaldan azad etdi, Talış kəndi ətrafındakı bir çox strateji əhəmiyyətli yüksəkliklərin, Lələtəpənin, Cəbrayılın Cocuq Mərcanlı kəndinin, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edərək düşmən üzərində strateji üstünlük əldə etdi, eləcə də döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 döyüşçüsü öldürüldü və 500-dən artıq döyüşçü yaralandı. Vurğulandı ki, müstəqillik tariximizə qızıl hərflərlə yazılan Şanlı Aprel qələbəsi nəticəsində bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Ordumuzun döyüş qabiliyyəti, ən müasir texniki sistemlərlə təchizatı Azərbaycanın xalqının qələbə ruhunu yüksəltdi, 2018-ci il Günnüt Zəfəri, 2020-ci il Tovuz döyüşləri Azərbaycan xalqını addım-addım Böyük Qələbəmizə, torpaqlarımızın işğaldan tamamilə azad olunması, Vətən müharibəsindəki misilsiz Zəfərimizə yaxınlaşdırdı. Azərbaycan xalqı Vətən uğrunda döyüşən, Şəhid, qazi olan Vətən müharibəsi iştirakçılarının xidmətini əbədi yaşadacaq, qəhrəman Vətən oğullarının qanı, canı bahasına işğaldan azad olunan torpaqlarımızın hər qarışını göz bəbəyi kimi qoruyacaqdır.
Konfransda çıxış edən bütün natiqlər böyük həyəcan, sevinc və qürur hissi ilə Şanlı Aprel döyüşlərindən, Vətən müharibəsi qələbəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından danışdılar. Bütün çıxışlarda Şəhidlərimizin əziz xatirəsi yad olundu, qazilərimizə, onların fədakar ailələrinə təşəkkür edildi, Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərinin və qəhrəman Vətən oğullarının xidmətlərinin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif təkliflər səsləndirildi.
Çıxış edən qazilər Azərbaycan xalqının 44 günlük şanlı Zəfərindən fəxarətlə bəhs etdilər, Şəhid olan döyüş yoldaşlarının əziz xatirələrini ehtiramla yad etdilər, səhhətini Vətən uğrunda qurban verən qazilərimizə şəfalar dilədilər və onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə etdilər.