YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Koronavirusla mübarizədə həyata keçirilən tədbirlərin daha effektiv olması biz vətəndaşların pandemiya qaydalarına məsuliyyətlə əməl etməsindən çox asılıdır

“Bir il əvvəl pandemiyaya çevrilən koronavirus infeksiyası hələ də yayılmaqda davam edir. Bu müddət ərzində ölkələrdə həyata keçirilən sərt karantin rejimləri sayəsində COVID-19-un yayılmasında müəyyən azalmalar hiss olunsa da, yumşalmalar zamanı virus yenidən sürətlə yayılmağa başlayıb. Hazırda da dünya üzrə vəziyyət ürəkaçan deyil və gündəlik olaraq yüz minlərlə insan koronavirusa yoluxur. Məlum olduğu kimi, ötən ilin payızı dünyada COVID-19 pandemiyasının ikinci dalğasının başlaması və yoluxma sayının sürətli artımı ilə yadda qaldı. Lakin ilin sonlarına yaxın vaksinlərlə bağlı əldə olunan uğurlar insanlığın pandemiyanı məğlub edəcəyinə ümidləri artırdı. Bir sıra ölkələrdə peyvəndlər sınaqdan keçirildi”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Anar Məmmədov bildirib ki, Prezident İlham Əliyev nitqlərində hər zaman vurğulayır ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Bu zamana qədər ölkə başçısının rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü addımlar atılıb. Eyni zamanda, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib və bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb. Dövlət rəhbərimizin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi də bunun bariz nümunəsi idi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan koronavirusun ortaya çıxdığı ilk zamanlardan etibarən ona qarşı operativ şəkildə qabaqlayıcı tədbirlər həyata keçirən ölkələrdəndir: “Belə ki, pandemiya dövründə Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, eyni zamanda, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirmişdi. Ölkəmizdə 13 modul tipli xəstəxana inşa edilmişdi ki, bununla da formalaşan xəstəxana fondu xəstəliklə bağlı bütün məsələlərin həll olunmasına tam imkan verirdi. Eyni zamanda, pandemiyaya qədər Azərbaycanda 8 laboratoriya var idi və gündə cəmi 1000 test keçirilə bilirdi. Bu gün isə laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Təsadüfi deyil ki, bu günə qədər 2.8 milyondan çox test keçirilib. Bütövlükdə pandemiya dövründə insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən atılan addımlar onun necə prinsipial mövqe tutduğunu isbatlayır. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan oldu. Sirr deyil ki, dövlət pandemiyanın ilk günlərindən işləri düzgün təşkil etmiş və bütün lazımi addımları atmaqla beynəlxalq təşkilatlarla təmaslar qurmuşdu. Bu gün artıq Azərbaycanın pandemiyaya qarşı hərtərəfli mübarizəsi və zamanında gördüyü işlər ölkədə pandemiyanın fəsadlarının minimum səviyyədə olmasına zəmin yaradıb. Lakin əfsuslar olsun ki, koronavirus Yer üzündən yox olmayıb və yeni mutasiyaları ilə insanların sağlığını təhlükə altında saxlayır. Belə olan təqdirdə isə bu virusla mübarizədə hökumət tərəfindən həyata keçirilən tədbirlərin daha effektiv olması biz vətəndaşların ehtiyatlı olmasından, pandemiya qaydalarına məsuliyyətlə əməl etməsindən birbaşa asılıdır”.

DİGƏR Xəbərlər Arxiv