YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Türkdilli dövlətlərin birliyi qürurvericidir

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə Görüşü və görüşdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Videokonfrans vasitəsiə keçirilən qeyri-rəsmi Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, ötən dövr ərzində Türk Şurası səmərəli fəaliyyət göstərib. Bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Budəfəki qeyri-formal  Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, hazırkı Zivə Görüşü Bakıda keçirilmiş VII Zirvə Görüşü, COVİD-19 pandemiyasına həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşündən sonra Azərbaycanın sədrliyi dövründə dövlət başçıları səviyyəsində keçirilən artıq üçüncü görüşdür ki, bu da Azərbaycanın təşkilata sədrliyini xarakterizə edən əlamətdar məqamlardan biri  kimi qiymətləndirilə bilər. Azərbaycanın təşkilata sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərməkdədir.

Deputat qeyd edib ki, Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsidə ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirib.   Zirvə Görüşündə üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edəcəyini bildirməsi xüsusi məmnunluq doğurur. Çünki biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik.

“Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. “Zəngəzur dəhlizi”ndən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq. Bu amil türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək.  Zirvə Görüşünün yekun bəyannaməsi üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunması ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da xarakterizə olunur. Türk Şurasına üzv ölkələr Azərbaycanın işğaldan azad olunmuş  ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə edib, Ermənistan və Azərbaycan arasında münasibətlərin bir-birlərinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər. Bütün bunların fonunda türk dövlətlərinin birliyi qürurvericidir”,-deyə S.Fətəliyeva vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv