Xəbərlər
Tahir Rzayev: Azərbaycanda bələdiyyələr öz fəaliyyətlərini ildən ilə təkmilləşdirirlər
«Azərbaycanda bələdiyyələr öz fəaliyyətlərini ildən ilə təkmilləşdirirlər. Ötən dövr ərzində yerli özünüidarəetmə orqanları müəyyən inkişaf yolu keçib, bir sıra müsbət nəticələrə imza atıblar». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, 2014-cü ilin dekabrında keçirilən son bələdiyyə seçkilərindən sonra bu qurumların fəaliyyətində daha böyük nəticələr əldə oluna bilər. Çünki yeni tərkibdə gənclər, qadınlar, ali təhsilli insanlar əvvəlki dövrlə müqayisədə daha çox üstünlük təşkil edir. Bu, həm də o deməkdir ki, bələdiyyələrin yeni tərkibi kadr potensialı baxımından da əhəmiyyətlidir.
«Artıq vətəndaşlarımız yerli özünüidarə strukturlarının iş prinsipi ilə yaxından tanış olur, bələdiyyələrin onların həyatında oynadığı rolu dəyərləndirirlər. Digər tərəfdən, bələdiyyələrin gördükləri işlər də artıq nəzərə çarpır. Bu sistemdə aparılan islahatlar, bələdiyyələrin birləşdirilməsi yönündə atılan addımlar yerli özünüidarə strukturlarının fəaliyyətinin daha da effektiv xarakter almasına gətirib çıxarıb. Bu mənada, vətəndaşlarımız bələdiyyələrin yaradılmasında, fəaliyyətində daha aktiv iştirak etmək istəyirlər. Bu mənada hesab edirəm ki, qarşıdakı dövrdə bələdiyyələr öz fəaliyyətlərində daha böyük uğurlar əldə edə biləcəklər»- deyə, komitə üzvü qeyd edib.