YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda çoxpartiyalılıq sistemi - quruluşu və inkişafı

Xatirə Əliyeva,

Əməkdar jurnalist

Müasir politologiya elmində siyasi partiyalar sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilir. Partiya normal ictimai həyat üçün vacib siyasi institutdur. Partiyalar cəmiyyətin ən çox siyasiləşmiş təşkilatıdır və onun əsas məqsədi hakimiyyəti əldə etmək və saxlamaq, cəmiyyətlə dövlət arasında birbaşa və əks əlaqələrin yaradılmasını təmin etməkdən ibarətdir.

Partiya cəmiyyətin siyasi sisteminin daim fəaliyyətdə olan elementlərindən biri kimi, özündə siyasətin vacib strukturlarını ehtiva edir. Partiyalar müəyyən siniflərin və sosial qrupların təlabat, maraq və məqsədlərini ifadə edir, siyasi hakimiyyət mexanizmlərinin formalaşdırılmasında fəal iştirak edir və ya bu prosesə ardıcıl təsir göstərir. Partiyaların fəaliyyətinin ən prinsipial tərəflərindən biri bundan ibarətdir ki, onların gücü əhaliyə ideoloji təsiri ilə müəyyənləşir. Partiyalar siyasi şüurun formalaşmasında əhəmiyyətli rol oynayır. Müasir dünyada hakimiyyət uğrunda mübarizədə cəmiyyətdə müəyyən siyasi nüfuza və avtoritetə malik və bundan effektiv şəkildə istifadə edən siyasi partiyaların rolu həlledici olur.

Siyasi partiyalar cəmiyyətin siyasi inkişafının əsas şərtlərindən birini təşkil edir. Siyasi partiyalar – müəyyən sosial təbəqələrin və cəmiyyət qruplarının, bəzi hallarda əhalinin əhəmiyətli bir hissəssini özündə birləşdirən eynifikirlilərin təşkilatlanmış qrupu olub, onların siyasi maraq və tələblərini dövlət hakimiyyətini əldə etmək və ya onun həyata keçirilməsində iştirak etmək yolu ilə reallaşdırmağı nəzərdə tutur. 

Partiyalar siyasi baxışları oxşar olan şəxslərdən təşkil olunmuş stabil siyasi iyerarxiyalı təşkilatdır. Partiyalar üzvlərin ideya və təklifləri əsasında formalaşdırılmış qısa, orta və uzunmüddətli proqramlara malik olur.

Partiyaların strukturunda aşağıdakı üç vacib element mövud olur: ali lider və mərkəzi qərargah, rəhbər qrupun göstərişlərini icra edən stabil bürokratip aparat, partiyanın həyatında iştirak edən, lakin bürokratik aparata daxil olmayan fəal üzvlər, nəhayət, partiyanın işində nəzərə çarpmayan dərəcədə iştirak edən passiv üzvlər.

Partiyaların cəmiyyətin həyatında oynadığı rol onların funksiyaları ilə müəyyən olunur. Partiyalar cəmiyyətdə bir sıra mühüm funksiyaları yerinə yetirirlər. Partiyaların əsas funksiyalarından biri siyasi məqsədlərin müəyyən edilməsidir. Öz proqram və ideologiyasını işləməklə partiya strategiyasını müəyyən edir və vətəndaşları alternativ inkişaf yollarının mövcudluğunu  inandırır.

Partiyanın ikinci mühüm funksiyası isə ictimai maraqların aydınlaşdırılmasının təmin edilməsidir. Doğrudur, ayrı-ayrı qruplar da cəmiyyətin maraqlarının müəyyən edilməsini həyata keçirmək imkanlarına malikdir. Lakin yalnız siyasi partiyalar həmin maraqların elə bir formaya salınmasını təmin edir ki, bu mərkəzi hakimiyyət orqanlarının qərarlarının qəbul olunmasına təsir göstərə bilsin.

Partiyaların növbəti funksiyası isə vətəndaşların sosiallaşmasını həyata keçirilməsində  əksini tapır. Buna partiya fəaliyyətinin sosial və ideya-psixoloji əsaslarının müəyyənləşdirilməsi daxildir.

Partiyaların sonuncu əsas funksiyası isə hakim elitanın, yerli hakimiyyət orqanlarının, hökumətin və digər mərkəzi orqanların ilk əvvəl kölgə, daha sonra isə real tərkibinin formalaşdırılmasıdır. Partiyalar digər siyasi institutlarla birlikdə dövlət və cəmiyyətin idaretmə mexanizmlərinin yaradılması, hökumət struktur və mexanizmlərinin stabilliyinin təmin edilməsi funkisyalarını həyata keçirirlər.

Siyasi partiyaların ilk növbədə siyasi liderlərin və elitaların yaranmasında və inkişafında rolu böyükdür. Cəmiyyətin və dövlətin siyasi həyatının idarə olunmasını həyata keçirən liderlərin və elitaların yetişdirilməsi siyasi partiyaların başlıca funksiyalarından biridir. Siyasi partiyaların digər funksiyası isə  hakimiyyətin müxtəlif qolları, yerli və mərkəzi dövlət idarəetmə orqanları, müxtəlif siyasi institutlar arasında  əlaqə və münasibətlərin dərinləşdirilməsi ilə bağlıdır. Bu siyasi proseslərin inkişafı zamanı bir-biri ilə rəqabətdə olan siyasi partiyaların irəli sürdüyü proqram və konsepsiyalarda öz əksini tapır. Vətəndaşların siyasi sosiallaşdırılması, onlarda hakimiyyətdə iştirakçılıq meyillərinin formalaşdırılması siyasi partiyaların növbəti funksiyasıdır.

Bütün bunlar göstərir ki, müxəlif funksiyaları həyata keçirən siyasi partiyalar bununla da ictimai münasibətlər sisteminin vacib ünsürünə çevrilirlər. Siyasi partiyalar cəmiyyətin inkişafı üçün yeni ideyalar, konsepsiya və proqramlarla çıxış edir, vətəndaşla dövlət arasındakı münasibətlərin ümumi mənafelər kontekstində inkişafı üçün ideoloji zəmin hazırlayır, dövlətin fəaliyyətinin siyasi və ictimai əhəmiyyətini cəmiyyətə izah edir və sair. Siyasi partiyalar insanları vahid bir lider, yaxud ideologiya ətrafında toplamaqla onlarda təşkilatlanmaya meyl aşılyayır, müxtəlif birliklərin formalaşması üçün təməl yaradır.

Siyasi partiyalar siyasi sistemin vacib ünsürü olaraq cəmiyyətin həyatında son dərəcə mühüm rol oynayır. Cəmiyyətin müxtəlif sosial, siyasi, milli və ya dini təbəqələrinin ümumi qrup maraqlarını, dəyər və ideallarını ifadə edən siyasi partiyalar vasitəsilə insanlar öz tələblərini dövlətə çatdırır,  ondan bu və ya digər siyasi məsələnin həllinə dəstək almağa nail olur. Bu mənada partiya cəmiyyət və dövlətlə birbaşa, qarşılıqlı əlaqədə çıxış edir.

Partiyaların formalaşması prosesi müxtəlif amillərin təsiri altında baş verir. Siyasi elmdə liderlərin xarizması ətrafında, konkret dövrdə konkret məqsədlər ətrafında, habelə siyasi ideologiyalar əsasında formalaşmış siyasi partiyaların mövcudluğu öz təsdiqini tapmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, konkret siyasi ideologiya əsasında yaranan və inkişaf edən partiyalar daha uzunömürlü  olurlar.

Siyasi partiyalar konkret siyasi ideologiyanın reallaşdırılmasına xidmət edir. Məlum olduğu kimi, ideologiya bu və ya digər insan qrupunun hakimiyyət iddialarını əsaslandıran və buna müvafiq olaraq ictimai fikri həmin qrupun mənafelərinə tabe etdirməyə çalışan müəyyən doktrinadır.

Siyasi partiyaların cəmiyyətin həyatında oynadığı rol haqqında danışarkən əlbəttə ki, mühüm bir faktı da nəzərdən qaçırmaq olmaz ki, onlar ictimai-siyasi sabitliyin təmin olunmasında və qorunub saxlanılmasında da iştirak edir. Çünki  siyasi partiyaların mövcud olması faktı cəmiyyətdə daxili ideoloji-siyasi parçalanmalar və toqquşmalar üçün yer qoymur. Müəyyən siyasi ideya və cərəyanları müdafiə edən insanlar vahid bir təşkilatda birləşirlər və bu siyasi təşkilatlar hakimiyyətin siyasətini bu və ya digər formada tənqid etməklə mövcud nöqsanların üzə çıxmasına nail olur, hakimiyyətin buraxdığı səhvlərin aradan qaldırmasına şərait yaradır, bununla da cəmiyyətdə müxtəlif siyasi ideologiyalar arasında konstruktiv əməkdaşlıq üçün zəmin formalaşdırır.

Siyasi partiyaların təsnifatı haqqında danışarkən qeyd etmək lazımdır ki, burada partiyaların təsnifatı müxtəlif prinsiplər əsasında aparılır. Belə ki, partiyalar sinfi təbiətinə görə fəhlə, burjuaziya, orta təbəqə, kəndli və siniflərarası partiyalara bölünür. Siyasi fəaliyyət üsullaına görə parlament fəaliyyəti üstün olan və parlamentdənkənar fəaliyyəti üstün olan partiyalar fərqləndirilir. Cəmiyyət quruculuğuna münasibətinə görə isə inqilabçı, islahatçı, liberal və mühafizəkar partiyalar mövcuddur. Təşkilati strukturuna görə kadr və kütləvi partiyalar var. Cəmiyyətin siyasi sistemindəki yerinə və roluna görə dominant, aznüfuzlu, sağ, mərkəzçi və sol, habelə müxalifət partiyaları fərqləndirilir. Dövlət quruluşuna münasibətə görə unitar, federal və separat partiyalar, ideologiyaya münasibətə görə isə sərt ideologiyalaşmış və praqmatik partiyalar vardır.

İstənilən ölkədə partiyalar və partiyalararası ittifaqlar, blokların fəaliyyəti onlarla siyasi sistem arasında stabil əlaqələrin mahiyyətindən asılı olur. Bu münasibətlər siyasi partiyalar sisteminin meydana çıxmasını şərtləndirən əsas amil kimi çıxış edir. Siyasi partiyalar sistemi cəmiyyətin siyasi sisteminin vacib bir ünsürünü təşkil edir. Partiya sistemiləri cəmiyyətin siyasi sisteminin tərkib hissəsi olmaqla, onun inkişafının və təkamülünün əsas istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Partiya sistemləri siyasi sistemin mahiyyətininin müəyyən edilməsində, onun demokratikliyinin təmin olunmasında həlledici təsirə malik olur.

       Ardı var