Xəbərlər
Cəlil Xəlilov: 31 mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir
“Vətən müharibəsində Ermənistanın mülki şəxsləri hədəfə alması ermənilərin soyqırımı siyasətindən əl çəkmədiklərini göstərir. Qarşıdan 1918-ci ilin 31 mart soyqırımının növbəti ildönümü gəlir. Bu, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. Bu soyqırımı respublikamızın demək olar ki, əksər şəhər və rayonlarını əhatə edib. Bakı, Quba, Şamaxı, Lənkəran və sair şəhərlərdə ermənilər xalqımıza qarşı kütləvi qırğınlar həyata keçirib, qadın, uşaq və qocaları amansızcasına qətlə yetiriblər”. Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib.
Cəlil Xəlilov bildirib ki, 31 mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir. Vətən müharibəsində ermənilərin Gəncə, Bərdə, Tərtər və sair səhərləri raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırımı siyasətindən imtina etmədiyini göstərir. Bu faktlar bir daha sübut edir ki, düşmən ölkə hər zaman olduğu kimi XXI əsrdə də məkrli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, dünyanın gözü qarşısında soyqırımı siyasətini davam etdirməyə çalışır. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin bu qorxunc niyyətinin qarşısını alıb, işğalçı qoşunları darmadağın edərək ərazi bütövlüyümüzü təmin edib. Məhz “Dəmir yumruq” sayəsində Ermənistan geri çəkilməli, kapitulyasiya sazişini imzalamalı olub.
“Bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın tarixi soyqırımı siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi, aparıcı dövlətlərin prinsipial münasibəti, beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nəticəsində bütün bəşəriyyət üçün təhlükə kəsb edən belə hallara və cəhdlərə son qoymaq mümkündür. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə insanlığa qarşı törədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəriyyət maraqlı olmalıdır”, - Cəlil Xəlilov vurğulayıb.