YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi beynəlxalq hüquqa ziddir

“Uzun illər  işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də Azərbaycana verilməyib”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Ramin Məmmədov bildirib ki, erməni tərəfi bununla da beynəlxalq hüququ pozur. Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayət törədir. Millət vəkilinin sözlərinə görə, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar. Ermənilər öz çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də, təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir. Yəni Ermənistan öz təxribatlarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmaq beynəlxalq hərbi cinayətdir.

Millət vəkilinin fikrincə, bütün bunlar bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir: “Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə qarşı etiraz səsini ucaltmalıdır. Amma təəssüf ki, dünya ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərmir. Beynəlxalq birliyin bu məsələdə susqunluğu çoxlu sayda günahsız insanların minaların qurbanı olmasına səbəb ola bilər. Ona görə də, dünya birliyi Ermənistanı məcbur etməlidir ki, minalanmış ərazilərin xəritələrini təqdim etsin”.

DİGƏR Xəbərlər Arxiv