YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Hər hansı bir ölkənin ərazi bütövlüyü güc tətbiq olunaraq dəyişdirilə bilməz

“Azərbaycan əlbəttə ki, bu münaqişənin həllində ən maraqlı tərəfdir. Çünki biz torpaqlarımızın geri qayıtmasını istəyirik. Biz qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq hüququna malik olmasını istəyirik. Baxmayaraq ki, onların evləri yoxdur və hər şey məhv edilib. Yeri gəlmişkən, ATƏT faktaraşdırıcı və qiymətləndirmə missiyasını iki dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə göndərib və hesabat yayıb. Bu hesabatda göstərilir ki, hər şey – bütün binalar, qəbiristanlıqlar, məscidlər məhv edilib. Beləliklə, işğal edilmiş ərazilər tamamilə boş torpaqlardır. Məcburi köçkünlərimiz torpaqlarına qayıdandan sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamalı olacağıq. Buna görə də ilk növbədə bizim insanların torpaqlarına qayıtmaq hüququ var və biz münaqişənin tez bir zamanda həll edilməsində maraqlı tərəfik.” Bu fikirləri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində çıxışı zamanı söyləyib. 

Prezident İlham Əliyev qeyd etmişdir ki, Ermənistan münaqişənin həll olunmasını istəmir. Ermənistanı beynəlxalq hüquq normaları ilə razılaşmağa vadar edən heç bir mexanizm yoxdur. Hər bir münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüququn bu normaları çox aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi və öz müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz öz müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.