Xəbərlər
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
“Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, eyni zamanda, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında cəmiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirərək xalqımızın xöşbəxt, firavan gələcəyinin qarantına çevrilib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ülviyyə Həmzəyeva deyib.
Ülviyyə Həmzəyeva bildirib ki, "Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirib: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir”. Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi təşkilatıdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.
Millət vəkilinin sözlərinə görə, son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşır, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılır: “Hər zaman yeni düşüncə önündə gedən ölkə başçısı genişmiqyaslı islahatlara başlayarkən ilk növbədə, siyasi plüralizmin, demokratik institutlarının inkişafı üçün səy göstərmiş və hakim partiyanın sədri kimi bütün siyasi partiyaları təmsil edən deputatların Milli Məclisin rəhbər heyətinə daxil olunmalarına dair tövsiyyə vermişdir. Bu gün Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunurlar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər. Hələ parlament seçkilərindən öncə Prezident İlham Əliyev öz çıxışlarında xüsusi vurğulamışdır ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün siyasi islahatlar mütləq həyata keçirilməli və bunun üçün partiyalararası geniş dialoq aparılmalıdır. İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsinin möhtəşəm qələbə ilə nəticələnməsi Azərbaycan əsgərinin və onun Ali Baş Komandanı cənab İlham Əliyevin şücaəti, qətiyyəti və aparılan uğurlu siyasətinin nəticəsidir. Bu dövrdə, ölkəmizdə fəaliyyət göstərən və müxtəlif siyasi baxışlara sahib olan 52 siyasi partiyadan 50-si birgə bəyanatla Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı törətdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bəyan etmələri tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu bir xalq olaraq milli, siyasi birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir. Siyasi partiyalar tərəfindən göstərilən bu dəstək təkcə siyasi partiyaların xalqımız üçün çətin məqamda, dövlətimizin həyatında taleyüklü məsələlərin həllində bir narahatçılıqdan əlavə, həm də siyasi bir mədəniyyətin təzahürü idi. Ölkə başçısı çıxışlarından birində demişdir: “Sadəcə olaraq çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar”. Bu günlərdə 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşmək üçün müraciət etməsi və bu müraciətlərinin partiyanın VII qurultayında qəbul edilməsi daxili siyasi mühitin dövlət başçısının atdığı addımları yüksək formada dəstəkləməsinin, ölkədəki siyasi dialoqun münbit inkişafının bariz nümunəsidir. Partiya sıralarının genişlənməsi, siyasi partiyaların birləşmək istəyi xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının “iqtidar-xalq” modelinin uğurlu tətbiqinin göstəricisidir. Bununla Yeni Azərbaycan Partiyası ölkədə milli həmrəyliyin yeni inkişaf mərhələsinin əsasını qoymuşdur”.