YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub

Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi.

Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik”.

Prezident İlham Əliyev qeyd edib ki, son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarında Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını deyib. “Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi. Tarixi ədalətə cavab vermirdi və yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi və biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”, - deyə Prezident vurğulayıb.