YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Milli Prioritetlər regionun yeni reallığını təmin edəcək

Siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə nailiyyətlər qazanması Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə qədəm qoymasına, sosial rifaha malik dövlət olmasına möhkəm əsaslar yaradıb. Ölkənin sürətli inkişafı, tərəqqisi, əldə etdiyi uğurlar 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində böyük zəfəri qarşıya daha yüksək məqsədlərin qoyulmasını və bundan irəli gələn vəzifələri müəyyənləşdirilməsini labüd edib.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin yeni inkişaf mərhələsinə yüksəldilməsi ilə bağlı yeni yol xəritəsi, növbəti 10 il üçün əsas hədəflərini müəyyənləşdirib. Belə ki, yeni prioritetlər II Vətən müharibəsində ərazi bötövlüyünü təmin edən Azərbaycanın gələcək inkişafına hədəflənib.

Dövlət başçısının ardıcıl və sistemli inkişaf siyasəti növbəti illərdə daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına, milli iqtisadiyyatın daha da şaxələndirilməsinə zəmin yaradıb. Bu proqramda öz əksini tapan milli maraqlar və strateji planlamanın vəhdəti ilk növbədə, ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək, regionun yeni siyasi-iqtisadi reallığını təmin edəcək.

Milli Prioritetlərin təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeyd edilib ki, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinin reallaşdırılması hər birimizin vətəndaşlıq vəzifəmizə çevrilməlidir. Çünki sərəncamda göstəlilən strateji prioritetlər bu bu gün dövlətin idarəolunmasında strateji planlaşmanın əsas hədəfləridir, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini müəyyən edir.

Azərbaycanın bu gün davamlı sosial-iqtisadi inkişafı Prezidentimiz İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi məqsədlərin xalqımızın milli maraqlarına söykənməsi sayəsində reallığa çevrilib. Dövlət Başçımızın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyası da Vətən müharibəsindən sonra həm ölkəmizin, həm də Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün unikal imkanların açılmasına təkan olacaq.