Xəbərlər
Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!
Lütvəli Şıxəliyev
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 10 noyabr gecəsi efir vasitəsi ilə doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.”
Uzun illər davam edən işğala son qoyan bu bəyanata böyük fəxarət və sevinc hissi ilə imza atdığını vurğuladı çıxışında cənab Prezident. Üçtərəfli bəyanatın işğal altında qalan Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökmədən bizə qaytarılmasına imkan verəcəyini söylədi. “Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edeirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi...”
Bəli, Qarabağ münaqişəsi 44 gün ərzində Ali Baş Komandanın, Azərbaycan Ordusunun, Azərbaycan xalqının zəfəri ilə başa çatdı və Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun sücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
Dövlət Başçısı müraciətində lazımi ünvanlara da mesaj verdi. “Noyabrın 10-da imzalanmış bəyanata əgər kimsə müdaxilə etmək istəsə bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda burada təhlükəsizlik tədbirlərinin görülməsi və bəyanatın müddalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işlərimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir.”
Beləliklə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müjdə müraciəti bitər-bitməz xalq sevinc içərisində küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq əllərində Azərbaycan bayraqları, şüarlar tutaraq sevindilər, mahnı oxudular, rəqs etdilər. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimiz qarşısında borcunu yerinə yetirdilər.
Azərbaycan üçün hazırda yeni dövr başlayıb. İnkişaf, quruculuq, azad edilmiş ərazilərimizin bərpası dövrü cənab Prezident İlham Əliyev xalqa müraciətində dediyi kimi, Vətən Müharibəsi günlərində olduğu kimi, bu dövrdə də xalqımız həmrəyliyini əsirgəməyəcək. “... Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağılmış bu sahələri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsizlik və xoşbəxt həyat gözləyir.”
Göründüyü kimi, Prezident İlham Əliyev tarix ədaləti dəmir yumruqla bərpa etdi. Bu gün Vətən Müharibəsi zamanı işğalçı Ermənistan tərəfindən mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilib. Hazırda bu ərazilərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, yaşayış məntəqlərinin xarabalığa çevrildiyini, infrastrukturun tamamilə dağıldığını, salamat bir bina belə saxlanmadığını, tarixi-dini abidələrin yerlə-yeskan edildiyini böyük ürək ağrısı ilə müşahidə edirik. Tezliklə dəymiş hər bir zərər aradan qaldırılacaq, evlər və bütün infrastruktur bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq.
Bəli, Ermənistana diz çökdürən qalib Azərbaycan işğaldan azad olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidəndən quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını başında hiss edəcək.