Xəbərlər
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib.
Kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov tədbiri açaraq ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı fikirlərini bildirib. Azərbaycanın dünyəvi dövlət olduğunu deyən E.Nəsirov ölkəmizdə bütün dinlərə hörmətlə yanaşıldığını qeyd edib. O, Azərbaycanın tolerant ölkə olduğunu söyləyib.
Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra Katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri bütün dünyaya nümunədir. Dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” qanun ilə tənzimlənir. Azərbaycanın çoxkonfessiyalı ölkə olduğunu deyən M.Qurbanlının sözlərinə görə, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində ciddi uğurlara imza atılıb.
Komitə sədri qeyd edib ki, dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, maarifləndirmə işi geniş miqyasda aparılır, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri davam etdirilir. Bundan başqa, dövlət dini icmalara göstərdiyi qayğını gündən-günə artırmaqdadır. Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur.
“Bu, bir həqiqətdir ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi hər sahədə olduğu kimi, dinlə də bağlı siyasətin lap başdan sağlam, düzgün istiqamətdə qurulmasıdır. Məlumdur ki, hələ müstəqilliyinin ilk illərində Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi, bir çox ölkələrin maraqlarının bölgədə toqquşması dini fəaliyyət sahəsində cərəyan edən hadisələrə təsirsiz ötüşmürdü və bu da yeni problemlər yaradırdı. Belə olan halda problemlərin çözümü yalnız dinlə bağlı daha həssas, qətiyyətli, həm də balanslaşdırılmış siyasətin həyata keçirilməsindən asılı idi ki, bu da məzh Ulu Öndər Heydər Əliyevin sayəsində mümkünləşdi. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Əsas məqsəd isə dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək idi. Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul model kimi qəbul olunur və bəyənilir. Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Bu istiqamətdə Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Bütün bunlar ölkəmizdə dinə dövlət qayğısının bariz nümunəsi, ümumiyyətlə, dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürüdür”,-deyə M.Qurbanlı vurğulayıb.
Dövlət komitəsinin sədri həmçinin, işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış məscidlərin, eləcə də digər dini abidələrin bərpa olunacağını diqqətə çatdırıb. Artıq Heydər Əliyev Fondu bununla bağlı layihələrin həyata keçirilməsinə bşlayıb.
Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.