Xəbərlər
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
Ölkədəki bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Neftçala Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Masallı Sənaye Məhəlləsi, Pirallahı Sənaye Parkı, Hacıqabul və Sabirabad sənaye məhəllələri İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlak agentliyin balansına veriləcək. “Sumqayıt Kimya Sənaye Parkı” MMC öz fəaliyyətini davam etdirəcək.