Xəbərlər
Eldəniz Səlimov: Razılaşmanın əldə edilməsi Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir
“Ölkəmiz regiona yeni nəfəs gətirən layihələrin həyata keçirilməsi və böyük iqtisadi perspektiv vəd edən yataqların işlənməsində dərin təcrübəyə malikdir”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Eldəniz Səlimov bildirib ki, Azərbaycanı hələ müstəqillikdən əvvəl - Sovet dönəmində neft sənayesinə görə daha çox tanıyırdılar. Bu məsələdə, neft sənayesinin tərəqqisində heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olub. Tarixə qısa ekskursiya etsək görərik ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqlarının kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin inkişafında böyük irəliləyişlər olub.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən bundan sonra “Dostluq” yatağında karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi birgə həyata keçiriləcək: “Maraqlı məqamlardan biri isə yatağa “Dostluq” adının verilməsidir. Onun bu cür adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi sayıla bilər. Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Məhz belə yeniliklərdən olan bu Memorandumun imzalanması artıq reallaşdı. Bu yatağın birgə işlənməsi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. O da bəllidir ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Təbii ki, bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir”.