Xəbərlər
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
“İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Rauf Əliyev bildirib ki, azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulur. İşlər elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin və kəndlərin dəqiq say tərkibi müəyyən edilsin. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır.
Millət vəkilinin sözlərinə görə, indiyədək işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb: “Geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün bir neçə mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutulub. Bütövlükdə, bu ərazilərimizin yaxın illərdə yüksək səviyyədə bərpa olunacağına inanırıq”.