YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkmənistan XİN başçılarının görüşü keçirilib

Yanvarın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsinin, eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi, Xəzərdə əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.