YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkmənistan Xəzər dənizindəki “Dostluq” yatağına dair Anlaşma Memorandumu imzalayıblar

Bu gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans formatında keçirilən görüşü çərçivəsində imzalanıb.

Görüşdəki çıxışında sənədin əhəmiyyətindən danışan Türkmənistan Prezidenti deyib: “Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib”.

Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər.

Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb. “Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”, deyə dövlətimizin başçısı vurğulayıb.

Xəzərin mehriban qonşuluq və əməkdaşlıq dənizi olduğunu qeyd edən Azərbaycan Prezidenti əminliklə bildirib ki, “Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək”.