YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: Son görüş iqtisadi məzmunlu olsa da, böyük siyasi və hümanitar xüsusiyyətlərə malikdir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Regionda yeni reallıqlar yaranmışdır. 44 günlük böyük zəfərdən sonra yəqin hər birimiz həm cənab Prezident İlham Əliyevdən, həm də dünyanın bir çox hörmət sahibi olan siyasətçilərindən tez-tez bu ifadəni eşidirik. Bu reallıqlar nədən ibarətdir? Gəlin, hər kəsin bildiyi həqiqətlərə daha yaxından baxaq. Biz regionumuzda 30 illik işğaldan xilas olmuşuq. Lakin erməni faşizminin bölgəmizdə pozuculuq fəaliyyəti iki yüz ildən artıqdır ki, davam edirdi. Bu qədər böyük bir bəlanı qəhrəman ordu və müzəffər Ali Baş Komandanın hesabına dəf edən dövlətimizə öz zəfərini rəsmiləşdirmək üçün bir sənəd lazım idi. Düşmənin məğlubiyyətini etiraf etdiyi, altına imza atdığı və öhdəliklər götürdüyü bir sənəddir. 10 noyabr bəyanatı buna xidmət edirdi və faktiki münaqişənin birinci mərhələsini, hərb, müharibə mərhələsini bitirdi. Müharibənin dayanmasından düz bir ay sonra Bakıda möhtəşəm Zəfər paradının keçirilməsi isə bütün dünyaya möhtəşəm qələbənin növbəti bir ifadə vasitəsi hesab oluna bilərdi. Bu məğlubiyyət aktı eyni zamanda düşünmədən bəyanatlar verən və münaqişənin hərbi həlli yoxdur deyə tezislər irəli sürənlərin fikirlərini də iflasa uğratdı. Lakin yeni reallıqlar təbii ki, yalnız bundan ibarət ola bilməzdi. İşğalın bitməsi hələ də regionun inkişafına tam mənada öz töhfəsini verə bilmir. Bu amil yeni əməkdaşlıq formatları ilə gücləndirilməli, yeni imzalanmış və gələcəkdə də imzalanacaq sənədlərlə möhkəmləndirilməlidir. Bu halda biz stabil və həmişəlik sülhə ümid edə bilərik.

11 yanvar 2020-ci il görüşünə və imzalanmış çox vacib sənədə keçmədən öncə siyasi və diplomatik yükü ağır olan bu görüşün pərdəarxası və liderlərin davranışı haqqında bir neçə söz demək istərdim. Əvvəla qalib və məğlub ölkələrin ilk görüşü olduğu bariz bilirnirdi. Rusiya Federasiyasının Prezidentin liderlərə qarşı münasibəti də eyni deyildi. Heç Paşinyanın özünü güya hazırlıqlı gəlibmiş kimi aparması da onun məhv olmuş imicinə müsbət heçnə qatmadı. Bütün dünya mediası xalqının problemlərini, tələblərini xatırlamayan, yanında çanta gəzdirən Paşinyanı qınamadı, sadəcə güldü. Adətən və həmişə ona gülürlər. Əslində özünü gülünc vəziyyətə qoyur. Hələ də sərsəm bəyanatlar verərək Dağlıq Qarabağ və status ifadələrini eyni cümlədə istifadə edə bilməsi onun siyasətçi kimi ciddi sima olmadığına dəlalət edir.

Azərbaycan xalqı öz liderini məğrur və qürurla görüşə yola salarkən, ermənilər yenə də yağmamaqları bir tərəfə, heç gürüldaya da bilmədilər. Barbar üsullarla gah yolları bağladırlar, gah da qeyri-ciddi sui-qəsd planları qurdular. Amma kimsə Ermənistanın bir dövlət kimi dünyada subyektdən obyektə çevirildiyini düşünmədi. Heç kim qeyri-rəsmi rəqəmlərə görə on mindən artıq erməni əsgərinin məhv olmasını, ordusunun demək olar ki, dağılmasını düşünmədi. Rusiyadan asılı bir dövlətsizlikdən başqa bir xüsusiyyəti olmayan Ermənistana yolları kəsən yox, yolları açıb əməkdaşlıq edən bir xalq, müxalifət və hakimiyyət lazımdır.

10 noyabr bəyanatı iki xalq arasında əlbəttə, bütün ixtilafların həlli demək deyil idi. Həm də bəyanatın həyata keçirilməsini müxtəlif başqa hüquqi bazalar vasitəsi ilə daha da gücləndirmək lazım və vacib amildir. Məhz bu səbəbdən müharibənin başa çatmasından və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunandan iki ay sonra münaqişə tərəfləri eyni masanın ətrafında oturdular. Çünki yeni reallıqlar yeni yol xəritələri və yeni yanaşmalar tələb edir. Tarixdə bu qədər uzun davam edən müharibələrin çox qısa zamanda nəticələrinin aradan qaldırılması faktı yoxdur. Lakin buna cəhd etmək üçün çox uzun zaman gözləməyin də heç bir mənası yoxdur. Onsuz da regionumuzda yaşayan xalqlar lazımsız iddialar, ittihamlar və fəaliyyətsizlikdən yorulublar. Buna görə Ermənistan həm öz xalqı, həm region xalqları, həm də tarix qarşısında məsuliyyət daşıyır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları göstərdi ki, problemin aradan qaldırılması zamanı bir neçə vasitələrdən istifadə oluna bilər. Hərbi, siyasi, iqtisadi, mədəni, diplomatik və digər yollardan faydalanmaq olar. Biz iyirmi faiz torpağımızın böyük bir hissəsini hərbi güc yolu ilə, üç böyük rayonumuzu hərbi yolun diqtə etdiyi siyasi üsullarla və son mərhələni də iqtisadi yollarla uğurla başa vuracağıq. Onsuz da bizim illərdir həm Ermənistana, həm də dünyaya təlqin etmək istədiyimiz bu idi. Çıxın torpağımızdan, münasibətlərimizi quraraq inkişaf edək və bundan ermənilər də faydalansınlar. Bizim üçün bu yenilik deyil. Yenilik ermənilərin bunu başa düşməsidir. Əlbəttə, çox təəssüf edici amildir ki, bu qədər sadə bir həqiqəti başa düşmək üçün minlərlə insan hər iki tərəfdən həlak olmuşdur. Lakin bir daha təkrar edirəm ki, İkinci Qarabağ müharibəsinin səbəbkarı elə birincidə də olduğu kimi Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğalçı dəstixətti, erməni şovinizmi və erməni faşizmi idi. Biz dəmir yumruqla bu amilləri məhv etdik.

11 yanvar 2021-ci il tarixdə keçirilmiş görüş həm 10 noyabr bəyanatının həyata keçirilməsi ilə bağlı məsələlərin izlənilməsi və təqib edilməsi, həm bundan sonra daimi bir qrupun yaradılması və ümumi prosesi nəzarətdə saxlaması, həm də hələ həllini gözləyən problemlərin, cavabsız sualların cavab tapması nöqteyi nəzərindən əhəmiyyətli idi. Bu görüş iqtisadi fəaliyyətin, bəlkə də regionumuzda gələcəkdə qurulacaq çox tərəfli bir əməkdaşlığın ilk təməl daşı idi. Hər bir əməkdaşlığa doğru atılmış addım ölkəmizi və bölgəmizi müharibədən uzaqlaşdırır. Yolların açılması, dəmir yollarının bərpası, yenidən tikilməsi, enerji yollarının daha qısa və rentabelli istiqamələrdən keçməsi ilkin mərhələdə Azərbaycan və Ermənistanla yanaşı regionda strateji mövqeyə malik Türkiyə və Rusiyaya, daha sonra isə bölgəmizə və dünyamıza fayda gətirəcəkdir.

Növbəti addımların nə olduğunu əlbəttə, dövlət başçıları bilir. Lakin mədəni əlaqələr və xalqlar arası münasibətlərin qurulması, təhlükəsizlik, dövlət rəsmilərinin qarşılıqlı səfərləri gələcəkdə bu əməkdaşlıq mühitini daha da səmərəli edə bilər. Bu kimi məsələlər əlbəttə, illər öncə xəyal kimi görünə bilərdi, bu gün isə günün reallığıdır. Həm də bizim diqtəmizlə və iradəmizlə yaranan reallığı artıq bütün dünya qəbul edir. Əlbəttə, bu əməkdaşlıqdan kənarda qalan qüvvələr var və onlar ümumi prosesə ziyan vurmaq üçün bütün addımları atırlar. Lakin biz müstəqil siyasət həyata keçiririk və sülh prosesi sona qədər həyata keçiriləcəkdir.

Son görüş iqtisadi məzmunlu olsa da, böyük siyasi və hümanitar xüsusiyyətlərə malikdir. Yüz ilə yaxındır ki, Naxçıvanla ana vətənin arasında birbaşa əlaqə yoxdur. Son otuz ildir ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır. Bəzən ən xırda tələbatları ödəmək üçün belə blokada səbəbindən problemlər yaşanır. Artıq bu həsrət bitir. Bütün Türk dünyası bu əməkdaşlıqdan faydalanacaq. Bəyanatın 9-cu maddəsi məhz cənab Prezidentin diqtəsi və təkidi ilə Naxçıvana aid edilmişdir. Artıq bu maddə də öz töhfəsini münaqişənin həllinə verəcəkdir. Nəzərinizə çatdırım ki, Türkiyənin dövlət olaraq Naxçıvan dəhlizində israr etməsi eyni zamanda siyasi cəhətdən Azərbaycan və Türkiyə amilini regionda daha da gücləndirəcəkdir.

Münasibətlərin yaxşılaşması hər iki cəmiyyətdə hətta sülhə qarşı olan insanların mövqeyinin müsbət mənada dəyişməsinə səbəb olacaqdır. Xüsusən də erməni cəmiyyətində iqtisadi inkişafın müsbət nəticələrinin görünməsi, rifah hallarının daha da yaxşılaşması onlara lazımsız ittihamları unutdura bilər. Əlbəttə, biz Xocalını və digər bütün başımıza gətirilənləri unutmayacağıq. Günahkarlar mütləq öz cəzalarını alacaqlar.

DİGƏR Xəbərlər Arxiv