YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövləti bu əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirəcək

“Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda  qaldı. Ölkəmiz ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi apardı. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Öz məğlubiyyətini etiraf edən Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı və bu sənədə əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Bununla da, 30 il ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Vətən müharibəsində qazanılan şanlı qələbənin ölkəmiz və xalqımız üçün əhəmiyyəti çox böyükdür. Prezident İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə qeyd etdiyi kimi  bu Qələbə tarixdə əbədi qalacaq. Hazırda qarşıda duran vəzifə Vətən müharibəsində qazanılan şanlı qələbəni siyasi yolla möhkəmləndirmək, regionda erməni faşizminin baş qaldırmasına imkan verməmək, keçmiş münaqişə ilə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında beynəlxalq ictimaiyyətə  məlumat çatdırmaqdan ibarətdir. Müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın revanşist cəhdlərinin və təxribat əməllərinin qarşısının alınması da vacib məsələlər sırasında dayanır.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin prinsipial mövqeyi noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsaslanır. Bu sənəddə təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz, yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidəki vəziyyəti düzgün dəyərləndirir və humanitar məsələlərin həllinə razılığını veribdir. Lakin bundan sui-istifadə yolverilməzdir. Təəssüf doğuran haldır ki, müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanda müəyyən revanşist cəhdlər müşahidə edilməkdədir.

“Eyni zamanda, müharibə bitdikdən sonra Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərləri narahatlıq doğurmaya bilməz. Belə təhrikedici hərəkətlər yolverilməzdir. Əgər bu cür təxribatçı addımlar gələcəkdə də davam edəcəksə, Azərbaycan sərt cavab vermək məcburiyyətində qalacaq. Cənab Prezident qarşı tərəfə bu barədə sərt xəbərdarlıq da edərək bildirdi ki, nəticə çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”,-deyən deputat əlavə edib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə başlanıb və Qarabağ regionunun gözəl gələcəyi var. Azərbaycan dövləti bu əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirəcək.

“Vətən müharibəsi dövründə biz xalq olaraq çox güclü həmrəylik nümayiş etdirdik. Siyasi baxışlarından, mövqeyindən və əqidəsindən asılı olmayaraq hər kəs bir amal uğrunda birləşmişdi. Təbii ki, biz buna Prezidentimizin həyata keçirdiyi islahatar nəticəsində nail olduq. Genişmiqyaslı islahatların tərkib hissəsi kimi demokratik, siyasi islahatlar ölkəmizdə həmrəyliyimizin və birliyimizin güclənməsində mühüm rol oynadı. Bundan sonrakı mərhələdə isə cənab Prezidentin tövsiyəsinə uyğun olaraq, qələbəmizi siyasi yollarla möhkəmləndirmək, erməni faşizmini və vandalizmini ifşa etmək üçün beynəlxalq müastəvidə fəaliyyətimizi gücləndirməliyik. Bu prosesdə həm siyasi partiyalarımız, həm də parlamentarlar olaraq bizlər fəaliyyətimizi daha da  artırmalıyıq”,-deyə S.Fətəliyeva vurğulayıb.