Xəbərlər
Prezident İlham Əliyev: Laçın, yaxud Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək
İndi bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik.
Bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Prezident İlham Əliyev deyib: “Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq. Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O, çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək”.
Dövlətimizin başçısı qeyd edib ki, digər vacib layihəyə artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir.
Toğanalıdan Kəlbəcərə çəkiləcək yolun Laçın rayonuna da davam etdiriləcəyini bildirən Prezident deyib: “Beləliklə, biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq. Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək”.