Xəbərlər
Prezident İlham Əliyev: Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər
Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu “dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar gəlib bizim məscidimizi dağıdıblar, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik.
Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilanda düşmənin dağıtdığı məscidin önündə çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı deyib: “İstənilən beynəlxalq təşkilat gəlsin, bunu görsün, öz hesabatında bunu əks etdirsin, qınasın işğalçı dövləti və görsün ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq, biz kimi qovmuşuq torpaqlarımızdan, rədd etmişik onları buradan. Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu məscid də bərpa olunacaq, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq.