Xəbərlər
XİN: Niderland parlamentini birtərəfli mövqeyindən əl çəkməyə çağırırıq
Son dövrdə Niderland Krallığının parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik. Belə ki, oktyabrın 7-dən etibarən Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirib, açıq anti-Azərbaycan və anti-türk mövqeyi sərgiləyib. Dekabrın 17-də qəbul olunmuş “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Niderland parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq.
Niderland, eləcə də parlamentləri qərəzli mövqe nümayiş etdirən digər Avropa dövlətləri bu mövqeləri ilə ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilər.