Gündəm
Prezident İlham Əliyev: Azərbaycan tarixi bir gün yaşayır
Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir.
Bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı söyləyib.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin paradda iştirakından şad olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib ki, bu, bir daha bizim birliyimizi Türkiyənin, dostluğumuzu, qardaşlığımızı göstərir.
Vətən Müharibəsinin ilk saatlarından Türkiyənin haqq işinizə verdiyi dəstəyin önəmini vurğulayan Prezident İlham Əliyev deyib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır! Demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir və bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.