Xəbərlər
Pərvin Kərimzadə: Zəfər Paradı Qələbəmizin və yumruq kimi birliyimizin nümayişi olacaq
“Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Millət vəkili bildirib ki, öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan böyük Zəfərini qeyd edir. Dekabrin 10-da isə böyük siyasi, mənəvi əhəmiyyətə malik, eyni zamanda rəmzi məna daşıyan hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşəcək.
Pərvin Kərimzadə qeyd edib ki, müstəqil Azərbaycanın rəşadətli Ordusu 44 gün ərzində düşmən ordusunu diz çökdürdü, ermənilərin çoxlu sayda texnikasını, artilleriya sistemini, hava hücumundan müdafiə sistemini məhv etdi: “Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında Ordumuz BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq qurumların qəbul etdiyi, uzun illər masa üzərində qalaraq lazımsız kağız parçasına çevrilmiş qərarlarını həyata keçirdi, Cənubi Qafqazda beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarını və prinsiplərini bərpa etdi. Haqq mübarizəsindən Qalib çıxan Azərbaycan zəfərini təntənəli hərbi keçidlə qeyd edəcək, döyüş əməliyyatları zamanı düşməndən götürülən çoxlu sayda qənimətlər - tanklar, piyadaların döyüş maşınları, minaatanları dünyaya nümayiş etdirəcək. Dost da, düşmən də 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə, qürurla, çiyin-çiyinə verərək, biləklərinin haqqı ilə qazandıqları bu fəxarətli zəfərlərinin qürurla qeyd etməsinin şahidi olacaq.
Bəli, bu möhtəşəm Qələbənin qazanılmasında Azərbaycan əsgərinin hər biri qəhrəmanlıq dastanı yazdı, ölümə meydan oxudu, torpaqlarımızın hər qarışı uğrunda çarpışdılar, vuruşdular, ana Vətənə canlarını qurban verməkdən belə çəkinmədilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi hücum taktikası, o cümlədən ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər dünya praktikasında ilklərdən oldu. Ölkə Prezidentimiz yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə düşdü. Dekabrın 10-da keçiriləcək Zəfər Paradı eyni zamanda yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi olacaq”.