Xəbərlər
Nəsib Məhəməliyev: Hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olmaqla fəxr edir
“BMT Baş Assambleyasının xüsusi sessiyası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilib. Nəzərə almaq lazımdır ki, pandemiya başlanan andan dövlətlərarası münasibətlər sistemində bir durğunluq yaşanırdı. Beynəlxalq təşkilatlar fəaliyyətlərini dondurmuşdular. Belə bir halda, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına daxil olan ölkələrin Təmas Qrupu formatında, Türk Şurasının Zirvə görüşləri keçirildi”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
N.Məhəməliyev bildirib ki, ölkəmiz tərəfindən COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində bir sıra ölkələrə yardım göstərilib. Bütövlükdə, ölkəmiz Qoşulmama Hərəkatı müstəvisində fəal siyasət həyata keçirir.
“Vətən müharibəsinin gedişi zamanı biz BMT Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə qətnamə qəbul olunması cəhdlərini də gördük. Ciddi təzyiqlərə baxmayaraq, məhz Qoşulmama Hərəkatına daxil olan ölkələrin prinsipial mövqeyi bunun qarşısını aldı. İkinci qürurverici məqam, BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasında dünyanın 120 ölkəsi adından Azərbaycanın dövlət başçısının çıxış etməsidir. Bu da təbii olaraq, ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olmaqla bərabər, indiki halda olduqca böyük siyasi dəstək deməkdir. Digər məqam isə ondan ibarətdir ki, dövlət müstəqilliyimiz bərpa olunan vaxtdan bəri ilk dəfə belə bir mötəbər tribunadan qalib ölkənin rəhbəri timsalında Azərbaycan adından çıxış oldu. Hesab edirəm ki, bundan böyük xoşbəxtlik ola bilməz. Qalib ölkənin vətəndaşı olaraq, hər bir azərbaycanlı bununla fəxr edir”,-deyə millət vəkili qeyd edib.