Xəbərlər
Vüqar Rəhimzadə: Qələbə paradı tariximizə qızıl hərflərlə yazılacaq
“44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz təmin olundu, erməni işğalına son qoyuldu. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi, tacı kimi dəyərləndirilən Şuşanın işğaldan azad olunduğu tarix- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Həmin gün Azərbaycanın çoxəsrlik tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı və heç zaman unudulmayacaq.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, artıq qalib Azərbaycanın müəzəffər ordusu Qələbə paradına hazırlaşır: «Bu paradın özünəməxsus özəlliyi, digər paradlardan fərqi vardır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.»
«Gözlədiyimiz həmin gün gəldi» söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu gün böyük qürur hissi ilə işğaldan azad edilən bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalandığını bəyan edirik: «Qələbəmiz Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdığını bir daha təsdiqlədi. Baxmayaraq ki, düşmən ötən 30 ildə işğal altında saxladığı ərazilərimizdə güclü istehkamlar qurmuşdu. Düşünürdülər ki, bu istehkamları yarıb keçmək mümkün olmayacaq. Dövlətimizin başçısı İlham Əliyev çıxıışlarında da bu məqamı xüsusi vurğulayır ki, qurulan istehkamlar bir daha təsdiqləyirdi ki, ermənilər torpaqlarımızı danışıqlar yolu ilə geri qaytarmaq fikrində deyildilər. Biz tarixi Qələbə qazandıq. Bu Qələbənin sevincini böyük qürur hissi ilə yaşayırıq. Dekabrın 10-da keçiriləcək Qələbə paradı da bu sevincin tərkib hissəsidir. Artıq Qələbə paradına hazırlıq işləri görülür. Qeyd etdiyimiz kimi, bu parad əvvəlkilərdən tamamilə fərqlənəcək. Əgər əvvəlki hərbi paradlarda Azərbaycan Ordusunun hansı imkanlara malik olduğu, işğal altında olan torpaqlarımızı azad etmək gücü, qüdrəti nümayiş etdirilirdisə, dekabrın 10-da qalib ölkənin müzəffər ordusu Azadlıq meydanında qürurla addımlayacaq. Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə bu parada hazırlaşır.»
Baş redaktor bildirib ki, Qələbə paradı tariximizə qızıl hərflərlə yazılacaq. Düşmən 30 ildə işğal altında saxladığı torpaqlarımızda istehkamlar quranda, heç bir vəsait xərcləmədən havadarları tərəfindən silahlanaraq bu ərazilərdə güclü hərbi sistem formalaşdıranda düşünürdü ki, Azərbaycan Ordusu bunları yarıb keçə bilməyəcək. Bu, onların xəyalları, yanlış düşüncələri idi. Azərbaycan Ordusu 29 illik müstəqillik tariximizdə, xüsusilə son 27 ildə düşünülmüş və məqsədyönlü siyasət nəticəsində öz qüdrətini, maddi-texniki bazasını daha da möhkəmləndirmiş, dünya standartlarına cavab verən şəkildə formalaşmışdır. Ölkəmizin ev sahibliyi etdiyi ənənəvi Beynəlxalq Müdafiə sərgiləri də bu sahədə malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayırdı. Ən əsası Azərbaycan Ordusunun döyüş ruhu, bir qarış torpağımızı belə düşmənə verməmək üçün göstərdiyi fədakarlıq, illərdir Ali Baş Komandandan hücum əmrini gözləməsi bugünkü Qələbəmizi şərtləndirən əsas amillər sırasındadır. Ümumilikdə qeyd etsək Qələbəmizin formulu belədir: Xalq-Prezident-ordu.»
«Dövlətimizin qətiyyəti, ölkə Prezdenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan rəşadətli ordumuz düşməni diz çökdürdü, şanlı tarix yazdı» söyləyən baş redaktor bildirib ki, Qələbə paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də nümayişinin nəzərdə tutulması böyük qürurverici hadisədir. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Azərbaycan Ordusu 44 gündə etdi. Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!