Xəbərlər
Cavanşir Paşazadə: Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan tarix yazdı
“Ermənilərin Laçın rayonunu tərk etməsi ilə Azərbaycanın 30 il ərzində düşmənin nəzarətində olan ərazilərinin işğaldan tam azad olunması prosesinin son fazası da yekunlaşdı. 44 günlük Vətən müharibəsində Azərbaycan 30 ilə yaxın bir müddətdə işğal altında qalan ərazilərinin bir hissəsini, o cümlədən 300-dək kəndi, çoxlu sayda strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini şanlı Ordusunun gücü ilə döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurmaqla geri qaytarmağa nail oldu. Bundan sonra düşmən müharibənin davam etdirilməsinin onun üçün daha ağır nəticələrə gətirib çıxaracağını dərk edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq işğalçı Ermənistan əvvəlcə Ağdam, sonra Kəlbəcər və nəhayət, Laçın rayonunu tərk edib. Beləliklə, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü tam təmin etməyə nail olub. Mürəkkəb relyefə malik olan və güclü istehkamlar yaradılan rayonların heç bir itki verilmədən işğaldan azad edilməsi böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edərək Öz təbriklərini çatdırıb. Dövlət başçımız Laçın rayonunun işğaldan azad edilməsini tarixi hadisə kimi dəyərləndirib.
Millət vəkilinin sözlərinə görə, hazırda noyabrın 10-da imzalanmış Bəyanat uğurla icra edilir. Sənəd imzalandıqdan sonra atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq. BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. Sənədə əsasən, Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir.
C.Paşazadə qeyd edib ki, Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətini davam etdirməsi və dünyanın, beynəlxalq təşkilatların buna adekvat münasibət sərgiləməməsi, təcavüzkarı öz adı ilə çağırmaması ölkəmizə qarşı böyük ədalətsizlik idi: “Dağlıq Qarabağ münaqişəsinin üç onillik ərzində həllini tapmaması ona dəlalət edir ki, tarixi faktlara, haqq-ədalətə, beynəlxalq hüquq normalarına arxa çevirən yalnız Ermənistan olmayıb. Açıq demək lazımdır ki, beynəlxalq miqyasdakı bir sıra dairələr, özlərini demokratiyanın beşiyi sayan ayrı-ayrı dövlətlər çirkin əməllərini davam etdirməkdə işğalçı dövlətə havadarlıq ediblər. İşğal altındakı ərazilərdə qurulan istehkamlar açıq şəkildə təsdiqləyir ki, havadarlarının dəstəyinə arxalanan Ermənistan zəbt etdiyi əraziləri heç vaxt geri qaytarmaq niyyətində olmayıb. Hətta Vətən müharibəsinin getdiyi günlərdə də işğalçı dövlət öz arxasında havadarlarının dəstəyini hiss edirdi. Azərbaycanın Vətən müharibəsindəki zəfəri hər kəs üçün dərs olmalıdır. Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan tarix yazdı. Bu qələbə ilə respublikamız beynəlxalq hüquq müstəvisində yeni reallıqlar yaratdı. Bundan sonra ölkəmizin həyatında yeni dövr başlayır”.