Xəbərlər
Elmar Məmmədyarovun Slovakiyanın Baş naziri ilə görüşündə qarşılıqlı əlaqələrin daha da inkişafının zəruriliyi vurğulanıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın Baş naziri Robert Fiko ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Baş nazir Robert Fiko iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycanın bu il iyunun 12-28-də ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyinə sevindiklərini deyən Robert Fiko ölkəsinin bu idman yarışında iştirakına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, Slovakiyanın 100-dən artıq idmançı ilə Avropa Oyunlarında iştirak edəcəyini bildirib.
Baş nazir Azərbaycanın Avropanın enerji təminatında mühüm rol oynadığını da vurğulayıb.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında iqtisadi-ticarət, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli imkanların olduğunu bildirib və biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının, biznes forumların keçirilməsinin vacibliyini qeyd edib.
Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən Elmar Məmmədyarov bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.