Xəbərlər
Laçınlıların öz doğma yudlarında qurub-yaratmaq arzuları gerçəkləşir
İlqar İlyasov.
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qazandığı qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın 44 gün müddətində düşmən tapdağından azad olunması Azərbaycan tarixinin ən nailiyyətli hadisəsidir. Bu tarixi hadisə münasibətlə Azərbaycan xalqı ,o cümlədən Laçın sakinləri hamılqla Ali Baş Komandan cənab İlham Əliyevə öz tükənməz minnətdarlıqlarını bildirirlər. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun qüdrəti düşməni elə sarsıltdı ki, düşmən Agdam , Kəlbacər , Laçın rayonlarını döyüşsüz təslim etmək məcburiyyətində qaldı. Budur bizim dövlətimizin gücü, budur bizim Rəhbərimizin qüdrəti, budur bizim Ordumuzun rəşadəti!.
İnsanlar arasındakı yüksək əhval-ruhiyyə, hər bir vətəndaşımızın sevə-sevə öz evini, küçəsini, kəndini, qəsəbəsini, şəhərini bayraqlarla bəzəməsi, sevincini sevə-sevə paylaşması sözün həqiqi mənasında qələbəyə qələbə caladı.
Bu sevinc müjdəsində Laçınlıların da öz paylaı var. Axı 28 il yarım az vaxt deyil.Bu gün öz ata-baba yurdunun düşmən tapdagından azad edilməsindən vacib nə xəbər ola bilər?. 30 ilə yaxın dövrdə Respublikanın 58 şəhər və rayonunda müvəqqəti məskunlaşan Laçınlı soydaşlarım “mən artıq köçkün deyiləm”- deməklə qürur duyur.Bu sevinci bizə bıxş edən Ali Baş Komandan,cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna Laçınlıların minnətdarlıgı sonsuzdur. Artıq hər bir köçkün kimi Laçınlılar da Ölkə Başçısının rəhbərliyi ilə öz dogma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir və qurub yaratmaq eşqi ilə yaşayırlar.
Bu gün dogma Laçınımıza olan diqqəti nəzərə alaraq rayonumuz haqqında qısa məlumat verməyi özümə borc bildim.
Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Ərazisi 1835 kv.km-dir, 1 şəhər, 1 qəsəbə və 125 kənd vardır. Əhalisi 78 565 nəfərdir. Rayonun 78 565 nəfər əhalisindən 38,8 %-i Bakı şəhərində, 8,7 %-i Sumqayıt şəhərində, 11,2 %-i Abşeron rayonunda və 41,3 %-i respublikanın digər 42 şəhər və rayonunun ərazisində məskunlaşmışdır.
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Ağdam dəmir yolu stansiyasından isə 88 km məsafədə yerləşir.
Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 33 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir.
Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindəndir. Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), XVIII əsrə aid 2 məscid, Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq qalası (XV əsr), Kar kümbəz (XVII əsr), Sarı Aşıq abidəsi, habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur.
Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 9 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.
Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 333 nəfəri şəhid olmuş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıq təşkil edir. 1992-ci ilə qədər rayonun ictimai və şəxsi təsərrüfatlarında 40211 baş iri və 244000 baş xırda buynuzlu heyvanlar, 44235 arı ailəsi, 1470 hektar meyvə ağacları vardır. Rayonda 3438 hektar sahədə taxıl, 245 hektar sahədə çoxillik otlar, 31 hektar sahədə isə kartof əkilib becərilirdi. Ümumiyyətlə, həmin dövrdə rayon üzrə 36.1 min nəfər əmək qabiliyyətli əhalidən 29.5 min nəfəri kənd təsərrüfatında çalışırdı. Hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun satılırdı. Bununla yanaşı rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki ədəd asfalt zavod, beton zavod, texniki təchizat birliyi, suvarma sistemləri idarəsi, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki ədəd daş karxanası, avtonəqliyyat müəssisəsi, təhsil, səhiyyə, mədəniyyət, ticarət, ictimai iaşə, rabitə, kommunal müəssisələri və digər idarə müəssisələr fəaliyyət göstərirdi.
Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan rayonun ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılar, eləcədə palıd, cökə, ağcaqayın, şam, göyrüş, qaraağac, akasiya, nadir və qiymətli ağac növü hesab olunan qırmızı palıd (qızıl palıd) və müxtəlif növ yabanı meyvə ağacları olan meşə örtüyünə malikdir. Həmçinin rayonun ərazisində cüyür, qaya keçisi, çöl donuzu, qonur ayı, bəbir, canavar, tülkü, dələ, dovşan, porsuq və s. heyvanlar, habelə qırqovul, kəklik, qartal, bülbül, turac, şanapipik, alabaxta, göyərçin, bildirçin və s. kimi quşlar yaşayır.Rayondakı zəngin fauna və floranın mühafizəsi üçün 1961-ci ildə ərazidə Laçın Dövlət Təbiət Yasaqlığı və 1987-ci ildə Qaragöl Respublikalararası Dövlət Təbiət Qoruğu təşkil olunmuşdur.
Əlbəttə,bu cür qədim tarixə, səfalı, füsunkar təbiətə, zəngin yeraltı və yerüstü təbii ehtiyatlara və ən əsası qurub yaratmaq eşqi ilə alışıb yanan vüqarlı insanlara malik bir diyar mübaligəsiz deyirəm Tanrının cənnət guşəsidir. Bu torpaqlar uğrunda canından keçmiş şəhidlərimizin ruhu şaddır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza şəfa versin.