YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqil Məmmədov: Azərbaycan dövləti və xalqı böyük qələbəyə imza atdı

“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanat tarixi əhəmiyyətə malikdir. Prezidentimiz cənab İlham Əliyev dekabrın 1-də Azərbaycan xaqına müraciəti zamanı bəyanatın hər bir bəndini bir daha izah etdi. Bu sənədin təhlili onun Azərbaycanın milli maraqlarına cavab verdiyini deməyə əsas verir”. Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Aqil Məmmədov bildirib ki, 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan həmin sənədləri icra etmədi.  27 il ərzində özünü  “qalib” göstərməyə çalışan Ermənistan həmin sənədlərə, beynəlxalq hüquqa məhəl qoymurdu, müxtəlif bəhanələrlə, təxribatlarla danışıqlar prosesini pozurdu. Ötən illər ərzində işğal altında olan ərazilərimizdə Suriyadan, Livandan ermənilər, terrorçular qanunsuz olaraq məskunlaşdırılmışdı. Ermənilər hesab edirdilər ki, onların orduları guya məğlubedilməzdir. Amma artıq hər şey ortadadır.

Millət vəkilinin sözlərinə görə, danışıqlar prosesində mərhələli həll variantı təklif edilsə də, erməni tərəfi bundan imtina etdi. Xüsusilə, Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi tam pozuldu. Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə”, Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları, bu ilin iyulunda Tovuz rayonu istiqamətində təxribat və sentyabrın 27-də növbəti təxribat Ermənistana baha başa gəldi. Məsələ o həddə çatdı ki, erməni tərəfinin hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və dövlətimiz öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə məcbur oldu.

A.Məmmədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu elə ilk gündən qarşı tərəfə öz gücünü göstərdi: “8 noyabrda Şuşa şəhəri işğaldan azad olundu, noyabrın  9-da  isə 70-dən çox yaşayış məntəqəsi azad edildi. Demək olar ki,  Ermənstan ordusu tamamilə dağıldı. Bu müddətdə erməni ordusunda fərarilik artdı, işğalçı ölkədə ictimai-siyasi durum ağırlaşdı. Vətən müharibəsi göstərdi ki, Ermənistan Azərbaycanla üz-üzə gələ bilməz. Bunun da nəticəsi olaraq, 10 noyabrda üçtərəfli bəyanata imza atmağa məcbur oldular. Əslində isə, ermənilər məğlubiyyət aktını imzaladılar. Azərbaycan isə bu sənədi qalib, zəfər çalmış ölkə kimi imzaladı. 

Sənədin müddəalarından biri budur ki, 3 rayon Azərbaycana qaytarılmalıdır. Razılaşmaya əsasən Ağdam rayonunun işğal altında olan hissəsi, ərazisi 1936 kv.km olan  Kəlbəcər və ərazisi 1835 kv. km olan  Laçın rayonu bir güllə atmadan azad edildi. Əgər danışıqlar  prosesində Dağlıq Qarabağa yüksək status verilməsindən söhbət gedirdisə, birgə bəyanatda belə bir məsələ yoxdur. Cənab Prezidentin qeyd etdiyi kimi, danışıqlar prosesində Naxçıvanla kommunikasiyaların açılması, nəqliyyat yolu ilə bağlı konkret müzakirələr yox idi. Noyabrın 10-da imzalanmış birgə bəyanatda isə Prezidentimizin təşəbbüsü ilə bu məqam əksini tapır.

Razılaşmaya əsasən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir. Azərbaycan hökuməti sülhməramlılara aid yüklərin aparılması, aidiyyəti üzrə çatdırılması üçün lazımı şəraiti yaradır. Bu yüklərin məhz Azərbaycan vasitəsilə çatdırılması, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətin nümunəsidir.

Bütövlükdə, bu sənəd Azərbaycanın zəfər çalmasını təsdiq edir. Ona görə də, hər zaman  yüksək qiymətləndirilməlidir.  Çünki bəyanatda nəzərdə tutuan müddəalar Azərbaycanın maraqlarına tam cavab verir. Bu münasibətlə bir daha bütün xalqımızı, dünya azərbaycanlılarını təbrik edirəm. Müzəffər Ali Baş Komandanımıza, rəşadətli ordumuza minnətdarlığımızı bildiririk. Bu müqəddəs mübarizədə şəhidlər də verdik. Onların qanı-canı bahasına torpaqlarımız azad olundu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Döyüşlərdə yaralanan əsgər və zabitlərimizə də Allahdan şəfa diləyirik. Düşünürəm ki, bundan sonra da ordu quruculuğu daim diqqət mərkəzində olmalıdır və olacaq. Çünki biz çox məkrli bir düşmənlə üz-üzəyik. əgər onlar nə vaxtsa yenə də torpaq iddiasına düşsələr layiqli cavabları veriləcək”.

Deputat söyləyib ki, bundan sonra işğaldan azad olunmuş ərazilərimizdə quruculuq mərhələsi başlayacaq: “Azərbaycanın ən gözəl məkanlarından olan həmin ərazilərdə yenidən həyat canlanacaq. Amma mən çox istərdim ki, ermənilər tərəfindən dağıdılmış yerlərin müəyyən hissəsi muzey kimi saxlanılsın. Çünki bu tarixdir. Və bu tarixi gələcək nəsillərimiz, eləcə də ölkəmizə gələn əcnəbilər erməni vəhşiliyini öz  gözləri ilə görməlidir”.