Xəbərlər
Vüqar Seyidov: Təzminat məsələsi mütləq qaldırılacaq
“Üçtərəfli bəyanatın müvafiq bəndlərinə uyğun olaraq Ağdam, Kəlbəcər və nəhayət, Laçın rayonu təcavüzkar Ermənistan tərəfindən boşaldıldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, bir güllə belə atılmadan torpaqlarımızın işğaldan azad olunmasının əsas səbəbkarları canlarını bu torpağa qurban verən qəhrəman hərbçilərimizdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.
Vüqar Seyidovun sözlərinə görə, xalqımız birmənalı olaraq dövlət başçımızı dəstəkləyir: “Elə bir adam tapmaq çətindir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini həyəcanla gözləməsin. Ən nəhayət, Laçının azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bəyanatın bəndlərinə uyğun olaraq Azərbaycanın digər rayonlarının işğaldan azad olunması prosesində cəmiyyətimizdə müşahidə edilən təmkin Azərbaycan xalqının birliyini və həmrəyliyini özündə ehtiva edir. Bu gün on milyonluq Azərbaycan tək ürək, tək nəfəsdə birləşə bilib”.
V.Seyidov deyib ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan məcburiyyət qarşısında qalaraq məlum sənədə imza atmaqla əslində Azərbaycan torpaqlarında işğal faktını de-yure qəbul edib: “Buna görə də Qarabağda törədilən vandalizm aktlartına görə Ermənistan illərlə təzminat ödəyəcək. Artıq Ermənistan cəmiyyətində bundan narahat olan qüvvələr var. Əlbəttə ki, bundan sonra azad edilən rayonlarda monitorinqlər aparılacaq. Özü də bu monitorinqlər beynəlxalq qurumlarla ortaq həyata keçiriləcək. Tam şəffaf şəkildə maddi və mənəvi ziyanın miqyası aydınlaşdırılacaq və təzminat məsələsi mütləq qaldırılacaq”.