YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Məmmədov: Naxçıvan dəhlizinin açılması yalnız Azərbaycan üçün deyil, bölgə dövlətləri üçün də önəmlidir

Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə ölkəmizin qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında əvvəllər nəzərdə tutulmayan nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, həm də yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə Ermənistan da bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər.

Elşad Məmmədov bildirib ki, Naxçıvana quru dəhlizin açılması Azərbaycan iqtisadiyyatının vahid milli təsərrüfat sistemi kimi fəaliyyət göstərməsi istiqamətində olduqca zəruri addımdır. Ölkəmizin iqtisadi potensialı şübhəsiz ki, coğrafi imkanlarından daha böyükdür və bu potensialın reallaşdırılması üçün biz həm işğaldan azad olunmuş torpaqların, həm də Naxçıvan ərazisinin tam formatlı şəkildə Azərbaycan iqtisadiyyatı ilə təsərrüfat inteqrasiyasını təmin etməliyik. Bunun üçün logistik əlaqənin Naxçıvanla quru yol vasitəsilə formalaşması olduqca mühümdür. Düşünürəm ki, bu razılaşmanın ən mühüm bəndlərindən biri də ondan ibarətdir ki, biz faktiki olaraq Naxçıvanla Azərbaycanın qalan hissəsinin quru əlaqəsinin təmin olunmasına nail oluruq. Bu yalnız Azərbaycan üçün deyil, bütövlükdə bölgə üçün olduqca önəmlidir. Çünki bu gün dünyada deqloballaşma, regionallaşma prosesləri gedir və həmin proseslər çərçivəsində məhz regional iqtisadi əməkdaşlıq prioritetə çevrilir.

Professor qeyd edib ki, Rusiya-İran, Türkiyə-Azərbaycan üçün bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi ilə bağlı inteqrasiya layihələri olduqca perspektivlidir. Ona görə də, bu layihələrin reallaşdırılması üçün mütləq şəkildə dayanıqlı kommunikasiya əlaqələri olmalı və dayanıqlı inkişaf istehsal mərkəzləri formalaşmalıdır. Hesab edirəm ki, bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır ki, bunun nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. Eyni zamanda, Naxçıvanla dəhlizin açılması bir istiqamət üzrə də, Azərbaycan üzərindən Rusiya ilə İran əlaqələrinin açılması deməkdir və bu, bütövlükdə bölgənin iqtisadi inkişafına, real sektorun istehsal proseslərinin intensiv şəkildə inkişaf etdirilməsinə xidmət edən bir məsələdir.

“Düşünürəm ki, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvanla dəhlizin açılması uzun müddətli perspektivdə milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin atımına səbəb olmalıdır. Şübhəsiz ki, investisiyaların artımı isə bütövlükdə dayanıqlı iqtisadi artımın Azərbaycanda artan xətt üzrə inkişaf etməsinə şərait yaratmalıdır. Hesab edirəm ki, perspektivli regional iqtisadi inteqrasiya layihələri mövcuddur. Yaxın gələcəkdə biz iqtisadi əməkdaşlıqla bağlı bölgədə yerləşən dövlətlərin hazırladığı və tətbiq etdiyi kifayət qədər effektiv inteqrasiya razılaşmalarının şahidi ola bilərik. Bu razılaşmalar faktiki olaraq bölgəmizin məhz daxili imkanlar hesabına iqtisadi inkişaf strategiyasının və siyasətinin reallaşdırılmasına şərait yaratmalıdır. Artıq biz qərb institutlarından, beynəlxalq maliyyə institutlarından asılılığımızı bir bölgə olaraq azaltmalıyıq. Məhz inteqrasiya layihələri hesabına bölgədə sülhün, əmin-amanlığın formalaşması və düzgün adekvat iqtisadi siyasətin həyata keçirilməsi ilə regionumuzun dayanıqlı və qabaqlayıcı iqtisadi inkişafına nail ola bilərik. Çünki bütövlükdə yerləşdiyimiz Avrasiya bölgəsi bu gün iqtisadi inkişaf nöqteyi-nəzərindən dünyanın ən perspektivli ərazilərindən biridir ”, - deyə E.Məmmədov bildirib.