Xəbərlər
“Azəryolservis” ASC-nin sədri: Artıq ölkəmizin yol infrastrukturunda kəmiyyətdən keyfiyyətə keçid dövrü başlayıb
Artıq ölkəmizin yol infrastrukturunda kəmiyyətdən keyfiyyətə keçid dövrü başlayıb.
Bu sözləri yanvarın 26-da Bakıda işə başlayan “Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” adlı konfransda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov deyib.
Respublikanın ümumi istifadədə olan avtomobil yolları barədə məlumat verən C.Qurbanov bildirib ki, bu yolların uzunluğu 19002 kilometr təşkil edir. Onun 4645 kilometri respublika əhəmiyyətli, 14357 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1463-ə yaxın 50652 poqonmetr uzunluqda körpülər var.
Qeyd olunub ki, Azərbaycanda son 11 ildə çoxlu sayda irihəcmli yol, körpü, qovşaq və digər bu kim layihələr həyata keçirilib. Tikilən və yenidən qurulan yollar əsasən beynəlxalq marşrutların tərkibi olan yollardır və bu gün ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin böyük hissəsi artıq müasir standartlara cavab verir.
Yol layihələrinin icrası külli miqdarda vəsait tələb etdiyini və onların davamlılığını və uzunömürlülüyünü artırmaq üçün tikinti işləri zamanı ən son tikinti texnologiyalarından istifadə etməyin vacibliyini vurğulayan C.Qurbanov deyib: “Müasir dünyada innovativ texnologiyalar durmadan inkişaf etməkdədir. Bu yeniliklərdən yararlanmaq, ən son texnologiyaların ölkəmizə gətirilməsi bizim üçün də prioritet məsələlərdəndir. Bugünkü konfransın keçirilməsində əsas məqsədimiz də buraya dəvət edilmiş və yeni texnologiyaların istehsalı ilə məşğul olan ölkələrin şirkətləri ilə təcrübə mübadiləsi aparmaq və bu texnologiyaların respublikamızın yol tikintisi işlərində tətbiqinin miqyasını artırmaqdan ibarətdir”.
Qeyd edək ki, ikigünlük konfransda ABŞ, İngiltərə, Türkiyə, Fransa, Litva, Rusiya, İsveç, Almaniya, Hollandiya və digər ölkələrdən yol tikintisi üzrə ixtisaslaşmış nüfuzlu şirkətlər təqdimatlarla çıxış edir, təcrübələrini paylaşırlar.