Xəbərlər
“Post Bulletin”: Ermənistan qoşunları torpağı yandıraraq gedirlər
ABŞ-da çıxan “Post Bulletin” qəzetində Ermənistanın dekabrın 1-dək öz qoşunlarını çıxarmalı olduğu Azərbaycan rayonlarında törətdiyi ekoloji terror və ərazilərin minalanması haqqında məqalə dərc edilib.
“Ermənistan qoşunları torpağı yandıraraq gedirlər” sərlövhəli məqalədə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs haqqında bəyanatın imzalanması ilə Azərbaycanın Dağlıq Qarabağ regionunda 44 günlük müharibəyə son qoyulduğu vurğulanır.
Həmin bəyanata əsasən, Ermənistan qoşunları dekabrın 1-dək Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxarılmalıdır. Lakin dünyanın bir sıra informasiya agentlikləri ermənilərin “yandırılmış torpaq” siyasətini əks etdirən dəhşətli kadrlar dərc ediblər. Ermənilər öz qoşunlarını bu ərazilərdən çıxarmazdan əvvəl orada bərpa işlərinin başlanmasını və azərbaycanlı məcburi köçkünlərin öz əzəli torpaqlarına qayıtmalarını ləngitmək məqsədilə bütün evləri yandırıb, elektrik xətlərinin dirəklərini uçurub, meşələri qırıb, ev heyvanlarını kəsib, onların içalatını ətrafa tullayıblar ki, virus xəstəlikləri yayılsın. Bütün bunlar ekoloji terrorun tərkib hissələridir.
Belə məlumatlar daxil olur ki, erməni hərbçiləri bu üç rayona qayıdacaq azərbaycanlı məcburi köçkünləri məhv etmək məqsədilə həmin əraziyə piyadalar əleyhinə minlərlə mina basdırıblar.
Bu məqalə ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən Amerika ictimaiyyətini erməni təcavüzü barədə məlumatlandırmaq üçün həyata keçirilən kampaniya çərçivəsində dərc edilib.