YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan portalları: Fransa Senatının qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil

Özbəkistanın “qalampir.uz”, “kun.uz”,və “azon.uz” portalları Fransa Senatının “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə təklifi”nin səsə qoyulması və qəbul edilməsi ilə bağlı materiallar yayıb.

“Qalampir.uz” portalında yayılan məlumatda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələyə münasibəti əksini tapıb. O deyib: “Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

Portallar bildirir ki, Fransa Xarici İşlər Nazirliyi yanında Dövlət katibi Jan-Batist Lömuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb. O deyib ki, Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.

Yazılarda Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanat qəbul etdikləri də vurğulanır.