YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: İşğaldan azad edilmiş rayonların bərpasından sonra məhsul istehsalı 8 dəfəyədək artacaq

“Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib. İşğaldan əvvəl həyatın, gülüşün olduğu həmin şəhərlərimiz düşmən ölkənin barbarlığı nəticəsində “ruhlar şəhərinə” çevrilib. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, ötən il Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb. Təkcə Xaçmaz rayonu bütün işğal altında olan bütün rayonlarımız qədər məhsul istehsal edib. Bəzi rayonlarımız hətta daha çox istehsala imza atıb. Göründüyü kimi, 27 ildən çox müddətdə böyük iqtisadi potensial Ermənistan işğalı nəticəsində məhv edilib.

“İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik, - deyə V.Bayramov söyləyib.