YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Fransa işğalçılığa və separatizmə dəstək verir

“ATƏT-in Minsk qrupunun  həmsədr dövlətlərindən biri olan Fransa İkinci Qarabağ müharibəsi başlayandan bəri neytral mövqe nümayiş etdirmək əvəzinə, işğalçı Ermənistanın maraqlarından çıxış edir və əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Bu isə birbaşa həmsədr ölkə kimi qeyri-obyektiv və tərəfli vasitəçilik missiyasının bariz nümunəsidir. Bununla da, Fransa bir daha işğalçılığa və separatizmə dəstək verir”. Bu fikirləri Milli Məclisin deputatı Anar məmmədov deyib.

Anar Məmmədov bildirib ki, bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə birbaşa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Fransa Senatında qəbul edilən qətnamə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Çünki bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs verib və bu artıq Senatın öz-özünü inkar mənası verir.

Millət vəkilinin sözlərinə görə,  baş verən hadisələr fonunda bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir: “Yenə də Fransadakı erməni lobbisi bütün səylərini Dağlıq Qarabağdakı məğlubiyyəti ermənilərin xeyrinə təqdim etməyə səfərbər edərək, hər cür vasitələrə əl atır, erməni lobbisinin təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Görünür, Fransada belə təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışır, başqa sözlə Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir. Lakin əfsuslar olsun ki, son zamanlar Fransa-Türkiyə “cəbhəsi”ndə yaşanan gərginliklər Fransanın Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi qərarlarında da bariz şəkildə hiss olunur. Bunlara baxmayaraq, Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir və bu gün separatizmə açıq dəstəyini davam etdirənlər ilk növbədə dönüb öz tarixlərinə nəzər salıb, Azərbaycanda görmək istədiklərini öz ölkələrində tətbiq etməlidirlər”.