Xəbərlər
Malik Həsənov: 44 günlük müharibə tarixi ədaləti bərpa edib 30 illik işğala son qoydu
“Azərbaycan İkinci Qarabağ müharıbəsində qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı-qanı bahasına “məğlubedilməz ermənı ordusu” mifini 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa məcbur etdi, ərazi bütövlüyümüz bərpa olundu. Dövlətimizin başçısı status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diktə edir. Bu müharibə tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Sübut olundu ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də ordumuzun gücündən geniş bəhs edərək “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” çağırışını etdi. Təbii ki, döyüş meydanında zəfərlərimiz siyasi müstəvidə qələbənin qazanılmasını şərtləndirdi: “30 ilin reallığı bu idi ki, torpaqlarımızı müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi. Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasına çağırış etsə də, ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri “münaqişənin hərbi həlli yoxdur” kimi bəyanatlar verir, vasitəçilik missiyalarını reğiona qeydiyyat xarakterli nəticəsiz səfərləri ilə bitmiş hesab edirdilər. Amma Azərbaycan Ordusu 44 gündə yeni reallıqlar yaratdı.”
“Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, nəticə etibarilə işğalçı Ermənistanın məğlubiyyəti, Azərbaycanın siyasi qələbəsidir. Bu sənəd sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır” söyləyən millət vəkili bildirib ki, ən mühüm məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması, qardaş, dost ölkənin-Türkiyənin bu mərkəzdə təmsil olunmasıdır: “Hər zaman Azərbaycanın yanında olan Türkiyə real olaraq bölgənin təhlükəsizliyinin təminatçılarından birinə çevrildi. Bu tarixi sənəd ədalətin, haqqın, Azərbaycanın ərazi bütövlüyünün təminatının təsdiqi olmaqla yanaşı, qələbəmizin beynəlxalq hüquq çərçivəsində dəstəklənməsidir. Təbii ki, bu uğurlarımızda Azərbaycanın 30 ilə yaxın müddətdə bütün təzyiqlərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyinin, müstəqil siyasətinin rolu böyükdür. Qətiyyətli siyasi iradə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev öz prinsipial mövqeyindən dönmədi. 44 gündə xarici mətbuata 30-a yaxın müsahibələrinin hər birində münaqişənin əsl mahiyyətini, dünyanın ikili standartlar əsasında yanaşmasının yaratdığı problemləri, Ermənistanın işğalçılıq və faşist siyasətini faktlar əsasında bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran cənab İlham Əliyev jurnalistlərin dəfələrlə səsləndirdiyi ittiham dolu, qərəzli, Ermənistana dəstəkdən irəli gələn suallarını təmkinlə cavablandıraraq onlara güzgüyə baxmağı tövsiyə etdi. Cünki bunu düşünülmüş və məqsədyönlü siyasət nəticəsində dünyaya nümunə olan Azərbaycanın hazırkı real mənzərəsi diktə edirdi.”
M.Həsənov bu məqamı xüsusi vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də vurğuladığı kimi, bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Prezident-xalq-ordu birliyi sayəsində qazandıq. Qarabağın tacı olan Şuşamız öz tarixi sahibinə qayıtdı. Bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.