Xəbərlər
Minskdə Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcək
Yanvarın 29-da Minskdə, MDB İcraiyyə Komitəsində Korrupsiyaya qarşı mübarizə üzrə Dövlətlərarası Şuranın təşkilati iclası keçiriləcək. Bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat veriblər.
İclasda MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev iştirak edəcək.
Korrupsiyaya qarşı mübarizə məsələsi terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə, mütəşəkkil cinayətkarlığa, qanunsuz silah, narkotik vasitə və psixotrop maddə dövriyyəsinə, cinayətkar yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına, insan alverinə, informasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizədə səylərin artırılması ilə bərabər, Birliyin iştirakçısı olan dövlətlərin başçılarının 2007-ci il oktyabrın 5-də təsdiq etdikləri MDB-nin gələcək inkişaf Konsepsiyasında ilk dəfə dövlətlərarası səviyyədə müəyyən olunub.
Qeyd edək ki, qurumun iştirakçısı olan dövlətlərdə korrupsiyaya qarşı mübarizənin hüquqi və təşkilati əsasları əsasən formalaşıb və fəaliyyət göstərir. MDB İcraiyyə Komitəsi Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlərarası Şuranın təşkilati iclasının keçirilməsi təşəbbüsünü 2014-cü il oktyabrın 17-də qüvvəyə minəcək 2013-cü il 25 dekabr tarixli müvafiq sazişin reallaşdırılması məqsədi ilə irəli sürüb.