Xəbərlər
Prezident İlham Əliyev: Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər
Bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq. Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investordur. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var.
Prezident İlham Əliyev bu barədə Fransanın “Figaro” qəzetinə müsahibəsində Azərbaycanın Gürcüstanla münasibətlərinə dair suala cavabında bildirib.
Dövlətimizin başçısı deyib: “Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq”.