Xəbərlər
Azərbaycan Prezidenti: Əgər Ermənistan dayanmasa, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sonadək gedəcəyik
Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır.
Prezident İlham Əliyev bunu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
Azərbaycanın mövqeyini şərh edən dövlətimizin başçısı daha sonra deyib: “Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik. Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə hər şey dayanar və biz danışıqlar masasına geri qayıdarıq”.
Prezident İlham Əliyev qeyd edib ki, Paşinyan hakimiyyətə gələndən sonra təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. O, hakimiyyətə gələndən iki il və daha artıq müddətdə proses yoxdur.
“Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.