Xəbərlər
Anar Məmmədov: Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir
“Bu gün müzəffər Azərbaycan Ordusu şərəfli missiyasını layiqincə yerinə yetirir. Artıq işğaldan azad olunan yaşayış məntəqələri üzrə əhalinin sayı da açıqlanıb. Qısa müddət ərzində Zəngilan şəhəri və əksər kəndlərin düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi”. Bu fikirləri Milli Məclisin deputatı Anr Məmmədov deyib.
A.Məmmədov bildirib ki, belə bir zamanda, cəbhə xəttində üstünlük əldə etdiyimiz halda mənfur düşmən yenə də öz terrorçu əməllərini davam etdirərək mülki əhalini hədəf almaqla hərbi təxribat törədir. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşməni olduğunu bir daha isbatlamış olur. Bu cür əməllərinə görə isə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr isə əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar. Lakin Azərbaycan yenə də məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür.
Millət vəkilinin sözlərinə görə, bu günlərdə Azərbaycanla Ermənistan arasında cəbhə xəttində əlavə həm də informasiya müharibəsi gedir. İşğalçı dövlət əvvəlki dövrdə olduğu kimi, erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərir. Lakin indi ötən əsrin 90-cı illərinin əvvəlləri deyil. Bu baxımdan Azərbaycan son iki həftədə düşmənin saxta informasiya cəbhəsini də darmadağın etdi. Hətta havadarları olan dövlətlərdə belə KİV-in saxta təbliğatı nəticəsiz qalır və ictimaiyyət onların yalan informasiyalarını qəbul etmir. Ermənistana qarşı həm informasiya mübarizəsinin, həm də düşmənin saxta təbliğatının qarşısının alınması prosesinin önündə də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev gəlir.
“Hərb meydanında olduğu kimi, informasiya məkanında da cənab İlham Əliyev düşmənə sarsıdıcı zərbə vurur. Artıq Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Ali Baş Komandanımızın söylədiyi kimi, bu qələbələrlə Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Böyük qələbəyə çox az qalır. 30 ilə yaxındır gözlədiyimiz o möhtəşəm tarix yetişib artıq. Elə bir tarix ki, uğrunda fəda olan müqəddəs şəhid ruhlarının nigarançılığına son qoyacaq və tezliklə zəfər bayrağımız Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və nəhayət Azərbaycanın gözü olan Şuşada dalğalanacaq”-deyə, deputat qeyd edib.