Xəbərlər
Tahir Rzayev: İdarə olunmayan dövlət atəşkəsə əməl edə bilməz
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibə dövlətimizin başçısının sülhə, əmin – amanlığa, xalqların dostluğuna və qardaşlığına böyük önəm verdiyini, sadiqliyini bir daha nümayiş etdirmişdir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Tahir Rzayevin sözlərinə görə, Prezidentimiz sülh tərəfdarı olduğunu, danışıqların vacibliyini qeyd etməklə bərabər, onu da bildirmişdir ki, Ermənistanın hərbi – siyasi rəhbərləri heç vaxt sülhün, əməkdaşlığın tərəfdarı olmamış, illər boyu xalqımıza, torpaqlarımıza təcavüz etmiş, beynəlxalq hüquq normalarını saya salmamış, danışıqları pozmuşlar. “Ermənistanın bu hakimiyyəti ilə münaqişəni sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işqal olunmuş ərazilərinin boşaldılması idi” fikrini ifadə edən Dövlətimizin rəhbəri xatırlatmışdır ki, Ermənistan nəinki bu qətnamələrin tələblərinə əməl etmir, “Qarabağ Ermənistandır” bəyanatı verməklə yeni torpaqlar işqal etmək niyyəti ilə sərhədlərimizdə mütəmadi olaraq təxribatlar törətməyə başlamışdır. “Buna görə də biz indi döyüş meydanında ərazilərimizi azad edirik” fikrini söyləyən Prezidentimiz yenə də Ermənistanı sülhə gəlməyə, Azərbaycan ərazilərindən çıxmağa dəvət etmişdir. Çünki atəşkəsin pozulması, mülki əhalinin məhv edilməsi, bir çox şəhər və kəndlərimizin raket, top atəşinə tutulması Ermənistana baha başa gəlir, düşmən bizdən qat – qat artıq itkilərə məruz qalır, canlı qüvvə, hərbi texnika itirir. Təəssüflər olsun ki, Ermənistanın hərbi – siyasi rəhbərliyi məğlubiyyətlə barışmaq fikrində deyil. İnsanları bütünlüklə döyüşə səfərbər edir, muzdlu silahlı qruplaşmalar, terrorçu dəstələr yaradır, hər vasitə ilə cəbhədə dönüş yaratmağa çalışırlar. Nəinki Azərbaycana, qonşu dövlətlərə, xüsusilə Türkiyəyə qarşı şər, böhtan yağdırır, öz məğlubiyyətlərini pərdələmək istəyirlər. Cənab İlham Əliyev öz müsahibəsinə bu amillərə diqqəti cəlb edərək bildirmişdir ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur.
“Bu bir həqiqətdir. Ancaq Ermənistan rəhbərləri uzun illərdir ki, bu həqiqəti dərk etmirlər, təcavüzə və düşmənçiliyə, qonşu dövlətlərin torpaqlarını işqal etməyə, terrora, qan tökməyə, münaqişə yaratmağa önəm verir və bunun acı nəticələrini yaşayırlar. Çünki Ermənistan müstəqil dövlət deyil, xaricdən idarə olunur, sərbəs siyasət yürüdə, azad fikir söyləyə bilmir Sorosun “oğlu” Paşinyanın hərəkətləri, mövqeyi buna nümunədir. İdarə olunmayan, başqalarının əlinə göz dikən və onların diktəsi ilə fəaliyyət göstərən dövlət əlbətdə ki, məhvə məhkumdur və heç bir obyektiv mövqe nümayiş etdirə bilməz. Bu gün Pasinyan hakimiyyəti ölü bir cana bənzəyir. Ölkədə özbaşınalıqdır, iqtisadi və siyasi böhrandır. Məğlubiyyətin acısını dadan hakimiyyət başını itirmişdir. Orduda fərarilik baş alıb gedir. Hərbiçilər bir – birlərini eşitmirlər. Belə olan halda atəşkəsə əməl oluna bilməz və ən yaxşı halda erməni silahlı qüvvələri tam məhv olmamaq üçün tezliklə Azərbaycan ərazilərini tərk etməlidirlər”-deyə, komitə sədri vurğulayıb.