YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Torpaqlarımız işğaldan tam azad edildikdən sonra mənəvi soyqırımına son qoyularaq toponimlərimizin tarixi adları bərpa ediləcək

“Şanlı Ordumuzun torpaqlarımızı bir-bir işğaldan azad etdikcə, təcavüzkar Ermənistanın bu yerlərdə necə vandalizm törətməsinin öz gözlərimizlə bir daha şahidi oluruq. Bu illər ərzində torpaqlarımızda yaşayış evləri, məktəblər, uşaq bağçaları, mülki infrastruktur barbarcasına darmadağın edilib. Şəhərlərimizin ruhu məhv edilib. Bu mənzərə bizi çox sarsıdıb. Əvvəlki sevincdolu yaşayış məntəqələrimizdən əsər-əlamət qalmayıb. Bununla yanaşı, tarixi-dini abidələrimiz də yer üzündən silinmə təhlükəsi ilə üz-üzə qalmışdır. İşğalçı Ermənistanın apardığı namərd siyasətin bir göstəricisi də əzəli torpaqlarımızda toponimlərimizə qarşı törədilən soyqırımıdır”. Bu fikirləri  Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, hələ keçmiş SSRİ dövründə indiki Ermənistan ərazisində tarixi yer adlarının çox hissəsi dəyişdirilmişdi:“Bu çirkin əməllərlə bizim orda varlığımızı unutdurmağa çalışıblar. 1988-ci ildə azərbaycanlıların doğma torpaqlarından son deportasiyasından sonra bütün toponimlərimiz dəyişdirilərək erməniləşdirildi. Görünən odur ki, Dağlıq Qarabağda da eyni siyasət davam etdirilib. Baxmayaraq ki, münaqişə uzun illərdir dondurulmuş hesab olunurdu və bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Dağlıq Qarabağın qondarma xunta rejimi beynəlxalq hüquqa zidd olaraq yaşayış məntəqələrimizin adlarını dəyişdirib, uydurma, eybəcər adlar veriblər. Onlara bu cəsarəti, bu haqqı kim tanıyıb?! Eyni zamanda, danışıqların davam etdirildiyi vaxtda ATƏT-in Minsk qrupunun həmsədrləri bu faktlara göz yumublar və lazımi etirazlarını bildirməyərək müvafiq tədbirlər görməyiblər. Hesab edirəm, belə həssas məsələdə ikili standardlar tətbiq edərək bu faktları görməzlikdən gəlmək müəyyən mənada Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğalçı siyasətini dəstəkləmək deməkdir. İşğalçı Ermənistan bilsin ki, tarixi dəyişdirmək bu qədər asan deyil. Bizim əsrlər boyu yaşadığımız bu torpaqlarda əcdadlarımızın bizə miras olaraq qoyduğu tarixi-mədəni irsimiz indi də hər bir azərbaycanlının ruhunda, ürəyində və yaddaşında yaşamaqdadır. Bu gün yeni nəslin Qarabağ torpaqlarının azad olunması uğrunda aparılan döyüşlərdə göstərdiyi şücaət bunun bariz nümunəsidir”.

Deputatın sözlərinə görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal etdikdən sonra da toponimlərimizə qarşı soyqırımı törədilib və onlar tamamilə erməniləşdirilib: “Əgər işğalçı Ermənistan həqiqətən sülh tərəfdarı idisə və işğal etdikləri torpaqları geri qaytaracaqdılarsa, nə üçün toponimlərimizi erməniləşdiriblər? Nə üçün tarixi abidələrimizi, məscidlərimizi məhv ediblər? Görünən odur ki, onlar heç vaxt torpaqlarımızı xoşluqla geri qaytarmaq fikrində olmayıblar. Ancaq bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu  işğal altında olan torpaqlarımızı azad edir və Prezidentimiz tərəfindən azad olunan yaşayış məntəqələrinin tarixi adları da özünə qaytarılır. Cənab Prezidentin tarixi qərarları ilə Madagizin adının dəyişdirilərək Suqovuşan, Xocavəndin Vəng kəndinin isə yenidən Çinarlı adlandırılması bunu təsdiqləyir. Ölkə başçısının bu qərarlarını xalqımız böyük sevinclə qarşılayır. Əminəm ki, tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz bütün dədə-baba torpaqlarımızı işğaldan azad edəcək və mənəvi soyqırımına son qoyularaq toponimlərimizin tarixi adları bərpa ediləcək!”.

DİGƏR Xəbərlər Arxiv